Millət vəkilləri illik konfransın əhəmiyyətindən danışdılar TƏƏSSÜRATLAR

Millət vəkilləri illik konfransın əhəmiyyətindən danışdılar TƏƏSSÜRATLAR

"Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 2013-cü il üçün illik konfransı bizə, Azərbaycan üçün yeni ölkələr, qitələrlə əlaqə yaratmaq imkanı verir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə konfransla bağlı təəssüratlarını bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsində Azərbaycana dost olan, onunla əməkdaşlıq edən ölkələrin parlamentariləri var: "Belə bir tədbirin Bakıda keçirilməsi ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə eləcə də həmkarlarımıza çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki Azərbaycanın xarici siyasəti artıq öz imkanlarını genişləndirir. Bu tədbirdə Uruqvay parlamentinin spikeri və bir sıra millət vəkilləri də iştirak edir. Biz bir neçə neçə gündür ki, onlarla görüşlər keçiririk və bölgədə baş verən hadisələr barəsində onları yaxından tanış edirik. Afrika, Asiya, Latın Amerikası ölkələri ilə biz öz əməkdaşlığımızı genişləndiririk. Burada dövlətlərarası, hökümətlərarası münasibətlərlə yanaşı parlamentlərarası münasibətlər də mühüm rol oynayır".

Millət vəkili Rasim Musabəyovun sözlərinə görə, bu tədbir tək Avropa ilə məhdudlaşmır, əksinə bütün dünyanın maliyyə qurumlarını əhatə edir: "Vaxt var idi ki, biz dünya maliyyə qurumlarının ümidi ilə yaşayırdıq. İndi isə həmin qurumlara Azərbaycan tərəfindən dəstək (maliyyə resursları və s.) verilir ki, onlar öz missiyalarını dünyada həyata keçirə bilsinlər. Ancaq hər bir halda bu çox nüfuzlu beynəlxalq qurumlardır. Bu tədbir həmçinin Azərbayanın dünyada imicinin bir daha tanıdılması üçün irəliyə atılmış addım kimi dəyərləndirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə