Elmar Məmmədyarov Uruqvay Nümayəndələr Palatasının sədrini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Nümayəndələr Palatasının spikeri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Elmar Məmmədyarov bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələ açacağını deyib.
Azərbaycanın Cənubi Amerika regionu və xüsusilə də Uruqvayla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirən nazir, enerji, tikinti-memarlıq, aqrobiznes kimi sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu söyləyib. Azərbaycan-Uruqvay ikitərəfli münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin rolunu qeyd edən E. Məmmədyarov, Uruqvay Parlamentində Uruqvay-Azərbaycan Dostluq Qrupunun fəaliyyətinin və parlamentlər arasında təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini vurğulayıb.
H.Kardoso isə ölkəsinin Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycana səfərlər zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı reallıqlarla tanış olmaq və münaqişə ilə bağlı Bakının mövqeyini yaxından öyrənmək imkanı əldə etdiklərini vurğulayıb. Qonaq Azərbaycanı tolerantlıq nümunəsi adlandıraraq ölkənin sivilizasiyalararası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB