"Cəmiyyətin bütün təbəqələrinin arzu və istəkləri nəzərə alınmalıdır"
"Düşünürük ki, bundan sonra bütün əsas fəaliyyətləri xüsusilə də ictimai əhəmiyyət kəsb edən məsələləri bilavasitə ictimaiyyət nümayəndələri ilə birgə müzakirədən sonra qəbul edəcəyik. Bu da cəmiyyətin bütün təbəqələrinin arzu və istəklərinin nəzərə alınmasıdır". SİA-nın verdiyi məlumata görə, bunu "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov qeyd edib ki, beynəlxalq qurumlar və yerli QHT-lər fərqli istiqamətlər üzrə fəaliyyət göstərir: "Azərbaycanda fəaliyyət göstərən 3500-ə qədər QHT-dən bəziləri bu işi təqdir etmirsə və buna qarşı çıxırsa, bu təbii haldır. Çünki indiki dövrdə demokratik idarəçilik, cəmiyyət dövründə yanaşmalar da fərqli olur. Əsas odur ki, beynəlxalq cəmiyyət qarşısında bizim götürdüyümüz öhdəlik söz, fikir və məlumat azadlığının təmin olunması məhdudlaşdırılmasın, jurnalistlərin peşəkarlığı və məsuliyyəti artırılsın. Beləcə, Azərbaycan cəmiyyəti də bunun əzab və əziyyətini çəkməsin. Biz bu fəaliyyəti həyata keçiririk. Əlbəttə bizim tərəfdarlarımız olduğu kimi, opponentlərimiz də var və bu təbii haldır".
Məmurların jurnalistlərə informasiya verməsi məsuliyyətinə də münasibət bildirən PA rəsmisi qeyd edib ki, qanunla təsbit olunmuş davranış normalarına əməl etmək hər kəsin borcudur: "Biz məmurları da həmişə media və QHT-lərlə əlaqələrdə mütləq şəkildə bu normalara əməl etməyə çağırırıq. Əlbəttə jurnalistlər daha çox sözlə, qələmlə işləyirlər. Onların fəaliyyəti daha çox qabarıq şəkildə özünü göstədiyinə görə, sanki elə görünür ki, iradlar ancaq jurnalistlərə tutulur. Amma əslində bu heç də belə deyil. Azərbaycan cəmiyyətində hər bir strukturun öz məsuliyyəti var".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB