Aydın Mirzəzadə: “Şuşanın qayıdacağı gün uzaqda deyil”

Aydın Mirzəzadə: “Şuşanın qayıdacağı gün uzaqda deyil”

"Şuşa işğal edilməyə, Ermənistan ordusu bu gün Azərbaycan torpaqlarında olmaya bilərdi. Lakin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin vaxtı ilə SSRİ rəhbərliyindən uzaqlaşdırılması, cəmiyyətdən təcrid edilməsi, Azərbaycanda hakimiyyətə antimilli və səriştəsiz bir komandanın gəlməsi Azərbaycanın Dağlıq Qarabağ uğrunda mübarizədə mövqelərini zəiflətdi, Şuşanın və digər rayonlarımızın işğalına şərait yaratdı". Millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında belə deyib. O bildirib ki, 1992-ci ildə öncə Ayaz Mütəllibovun, daha sonra müvəqqəti olaraq Yaqub Məmmədovun hakimiyyəti Qarabağın qorunması üçün heç nə etmədi: "Ölkədə Müdafiə Nazirliyinin yaradılmasına baxmayaraq, ayrı-ayrı siyasi qüvvələr hərbi dəstələri öz maraqlarına uyğun yönləndirirdilər. Ən əsası isə həmin dövrdə bir-birinin ardınca hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin Qarabağı deyil, öz mənafelərini müdafiə etməsi Azərbaycanın mövqelərini zəiflətdi. Bunun nəticəsidir ki, 1992-ci ildə mayın 8-də Şuşa müdafiəsiz qaldı. Öncədən verilən informasiyalara və xəbərdarlıqlara baxmayaraq, hərbi qüvvələr Şuşanın müdafiəsinə yönəldilmədi. Demək olar ki, bu dövrdə Şuşa az sayda silahlı qüvvə ilə müdafiə olunurdu. Hakimiyyəti Dağlıq Qarabağ torpaqlarının müdafiəsi deyil, özünün hakimiyyətdə qalması maraqlandırırdı. Həm Mütəllibovçular, həm AXCP-çilər, həm də Müsavat siyasi qüvvələri Qarabağ kartından ilk növbədə öz maraqları üçün istifadə etməyə çalışırdılar. Hakimiyyət uğrunda çirkin siyasi mübarizə hökm sürürdü. Nəticədə isə əvvəlcə Xocalı Soyqırımı baş verdi, daha sonra Şuşa, Laçın və digər rayonlarımız işğal olundu".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu məsələdə həmin dövrdə Ermənistana xarici ölkələrin və müəyyən dairələrin dəstəyi nəticəsində müvəqqəti olaraq uduzub: "Azərbaycanın hərtərəfli özünü toplaya bilməsi, əsasən də ordu quruculuğu sahəsində özünə dayaq yaratması və Ermənistanın işğalçılıq siyasətinin qarşısını alması üçün qısa bir müddət lazım oldu. Bu gün Şuşa və digər rayonlarımız işğal altında olsa da, faktiki olaraq ermənilər həmin ərazilərdən hər hansısa bir formada istifadə edə bilmirlər. Təəssüf ki, növbəti ili də biz Şuşasız və Qarabağsız keçirdik. İşğal edilmiş torpaqlar Azərbaycan dövlətinin və cəmiyyətinin əsas ağrılı problemi kimi qalmaqdadır. Lakin Şuşanın qayıdacağı gün uzaqda deyil. Bu gün Azərbaycanda aparılan siyasət də məhz bu məsələnin həllinə yönəlib. Azərbaycan xalqı özünün ərazi bütövlüyünü mütləq təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə