Millət vəkili Türkiyədə Şuşa ilə bağlı məruzə edib

Millət vəkili Türkiyədə Şuşa ilə bağlı məruzə edib

Giresun Universitetində Şuşanın Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan Giresun Universitetinin rektoru Aygün Attar Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirib:"Biz inanırıq ki, Şuşa tezliklə işğaldan azad oldunacaq və biz oranı ziyarət edəcəyik".

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Şuşanın qədim tarixi var. Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi olub. Mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib: "Hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik və xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər, dünya da buna göz yumur".

Şuşanın 21 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır:"Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. Avropa Şurasının BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları var. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik".

Millət vəkili Qənirə Paşayeva çıxışında həmçinin Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib:"Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir".

Millət vəkili eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib: "Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər".

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, "qondarma erməni soyqırımı"na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.

Tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, dosent Pərvanə Məmmədli, Qayğı və Himayə Fondunun prezidenti Gülayə Rzayeva çıxış edərək Şuşanın Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı Türkiyədə təşkil edilən tədbirin əhəmiyyətindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə