Bahar Muradova: “Tənqiddən qorxsaydıq, beynəlxalq təşkilatlarda təmsil olunmazdıq” AÇIQLAMA
"BMT-nin İnsan Haqları üzrə Komissiyasının Azərbaycanla bağlı səsləndirdiyi tənqidi fikirlərdə heç bir faciə görmürəm". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Vitse-spikeri Bahar Muradova deyib.
Parlamentin sədr müavininin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində Azərbaycanı tənqid edənlərin özlərində insan haqlarının kütləvi və açıq-aşkar pozulma faktları baş verir: "Bu fikirləri səsləndirənlərə sorğular ünvanlayaraq həmin dairələrdən cavab almaq lazımdır. Xüsusilə vurğulamaq istəyirəm ki, bir neçə gün bundan öncə özünü dünyanın ən demokratik ölkəsi sayan və dünya tərəfindən də qəbul edilən Almaniya ilə bağlı həmin məsələ qaldırıldı. Almaniyanın neofaşizmə qarşı lazımi mübarizə aparmaması, mühacirlərin taleyinə biganə yanaşması və bir sıra digər ciddi məqamlar vurğulandı. Ən narahatlıq doğuran məqam isə faşizm ideyalarının yenidən yayılması və müsəlmanlara qarşı onların sərbəst fəaliyyət göstərməsidir. Bunun müqabilində Azərbaycanın da bəzi çatışmazlıqlarının tənqid olunmasında qeyri-adi bir hal görmürəm. Ancaq bu o demək deyil ki, Almaniyada belədirsə, Azərbaycanda da belə olmalıdır. Yəni biz özümüzə haqq qazandırmırıq. Dünyanın ən demokratik ölkəsində belə tənqidə tuş gəlinən məqamlar var. Deməli, Azərbaycanda bu cür halla qarşılaşmaq mümkündür. Bütün bunları qısa bir müddətdə aradan qaldırmaq və sona çatdırmaq mümkün deyil. Amma onlar heç də adını çəkdiyim məqamlarla yanaşı bir araya qoyula bilməz. Biz ölkəmizin inkişafının nəticələrini və hansı sahədə çatışmazlıqlar olduğunu yaxşı bilirik. Bütün bu nöqsanların da aradan qaldırılması üçün çalışırıq. Azərbaycanın da beynəlxalq təşkilatlarla əməkdaşlığının əsas məqsədi ondan ibarətdir ki, bu nöqsanları birgə aradan qaldırsın. Əgər biz tənqid olunacağımızdan qorxsaydıq, beynəlxalq təşkilatlarda təmsil olunmazdıq. Qeyd edim ki, həmin tənqidi məqamların bir qismi obyektiv mənbələrə söykənməyən məlumatlara əsasən meydana çıxıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB