Millət vəkili göz yaşlarına hakim ola bilmədi

Millət vəkili göz yaşlarına hakim ola bilmədi

Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr olunan iclası davam edir. SİA-nın məlumatına görə, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək görkəmli dövlət xadiminin gördüyü işlərdən, Azərbaycan xalqına xidmətlərindən danışıb.

Heydər Əliyevin Azərbaycanın böhranlı vəziyyətində həmişə xilaskar missiyasını yerinə yetirdiyini söyləyən A.Rəhimzadə deyib ki, o, həmişə bu və ya digər qərarı qəbul etməzdən öncə hər kəsi dinləyib, təklifləri öyrənib: "Heydər Əliyevin rəyi həmişə həlledici olurdu. Mülahizələrini tutarlı dəlillərlə əsaslandırması nəticəsində, sonda hər kəs Heydər Əliyevin qərarı ilə razılaşırdı. Ən məsuliyyətli və çətin qərarları təkbaşına qəbul edirdi. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümlülüyü yox idi. Təşəbbüskarlığı və mütərəqqi ideyaları dəstəkləyirdi. Əldə olunan uğurlara görə sevinirdi".

Heydər Əliyevin güclü rəhbər kimi hər kəs tərəfindən qəbul edildiyini bildirən A.Rəhimzadə qeyd edib ki, məhz bu səbəbdən 1993-cü ildə bir zaman onun əleyhinə səs verən deputatlar da onun qayıdışına səs veriblər: "Heydər Əliyevin bir çağırışı kifayət idi ki, heç bir təşkilatlanma olmadan insanlar meydana çıxıb onu müdafiə etsinlər. 1994-cü ilin payızında dövlət çevrilişinə cəhd zamanı on minlərlə insan Prezident Administrasiyasının qarşısına axışaraq onu müdafiə etdi. 1993-cü ildə Heydər Əliyevin qayıdışı millətin şərəf və ləyaqətini xilas etdi. Dövlətçiliyin əsasları qoyuldu, uğurlu sosial-iqtisadi siyasət həyata keçirildi".

Yeni Azərbaycan Partiyasının Sədr müavini- icra katibi Əli Əhmədov isə tarixi şəxsiyyətlərin millətin gücünü, əzəmətini göstərdiyini vurğulayıb: "Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlər sırasında Heydər Əliyevin xüsusi yeri var. Hər il Heydər Əliyevin anadan olmasının ildönümü xalq sevgisi və böyük təntənə ilə qeyd olunur. Heydər Əliyevin ideyaları bu gün də Azərbaycan xalqına xidmət edir. Tarixi şəxsiyyətlər xalqın gücünü göstərir. Azərbaycan xalqının tarixdə yetişdirdiyi ən böyük şəxsiyyətlər sırasında Ulu Öndərin xüsusi yeri var. Azərbaycan xalqı, dövləti Heydər Əliyevin bu xidmətlərini həmişə yüksək qiymətləndirib. Azərbaycanın müasir tarixinin böyük hissəsi onun adı ilə bağlıdır. Heydər Əliyev sadəcə tarix deyil, daha çox müasirlikdir. Onun məfkurəsi arasında azərbaycançılıq xüsusi yer tutur".

Qeyd edək ki, komitə sədri Arif Rəhimzadə çıxışında göz yaşlarına sahib ola bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə