YAP icra katibinin müavini şimal və şirvan bölgəsinin gəncləri ilə görüşüb

YAP icra katibinin müavini şimal və şirvan bölgəsinin gəncləri ilə görüşüb

Bu gün şimal və şirvan bölgəsinin gəncləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar keçirdiyi "Region gəncləri Ulu Öndər Heydər Əliyev irsini öyrənir" layihəsində iştirak ediblər. SİA-nın verdiyi xəbərə görə, gənclər ilk olaraq Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

YAP Göyçay rayon GB-nin sədri Aytən Nəbiyeva:

Yeni Azərbaycan Partiyası icra katibliyinə və YAP GB-nin rəhbərliyinə Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar olaraq keçirdiyi bu tədbirə görə təşşəkkürümü bildirirəm. Bu tədbiri yüksək qiymətləndiririəm. Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün etdiyi xidmətlər çox böyükdür. Adını dünya tarixinə yazdıran Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin irsini öyrənmək hər bir azərbaycanlının, o cümlədən gənclərin ümdə vəzifələrindədir. Bu layihə vasitəsi ilə gənclərimiz paytaxta gələrək Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında geniş biliklər öyrənirlər. Bu zəngin irsin öyrənilməsi gənclərin gələcək nailiyyətlərində əsaslı bir təməl prinsipi təşkil edəcək. Bu layihədən öyrəndiklərimizi rayon gənclərimizə çatdırmaqla mühüm bir vəzifənin öhdəsindən gəlmiş olacağıq. Göyçay gəncləri olaraq cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik. Onun həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyirik. Qarşıdan gələn seçkilərdə qələbə qazanaraq ölkə başçımızı yenidən prezident kürsüsündə görəcəyimizə əminik.

YAP Siyəzən rayon GB-nin sədri Rəşad Rəhmanov:

Bölgə gənclərinin fəal nümayəndələri bu gün paytaxtımıza toplaşaraq Ümummilli lider Heydər Əliyevin irsi ilə yaxından tanış olduq.

Sonra layihə iştirakçıları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Şabran RİH-nin nümayəndəsi Təhminə Yarəliyeva:

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ümummilli liderin irsinin öyrənilməsi, gənclər tərəfindən təbliğ olunması qürurverici haldır. Bölgələrimizdə Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar geniş təbliğat işləri aparılır. Dahi şəxsiyyətin irsinin öyrənilməsi və region gənclərimizə çatdırılmasında missiyanı üzərimizə götürdüyümüzə görə qürur duyuruq.

YAP Kürdəmir rayon GB-nin sədri Məhəmməd Heydərli:

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Xalqımızın azadlığı yolunda canlarından keçən qəhraman vətən oğullarına ulu tanrıdan rəhmət diləyirəm.

YAP Şamaxı rayon GB-nin sədri Elnar Kərimov:

Şamaxı gəncləri qarşıdan gələn seçkilərə ciddi şəkildə hazırlaşır. Prezidentimiz İlham Əliyevi seçkilərdə böyük qüvvə ilə dəstəkləyəcəyik.

Daha sonra gənclər Heydər Əliyev Fondunda olublar. Ziyarətçilərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Fond Ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir. Gənclər Ulu öndər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə tamaşa ediblər. Ziyarətçilər Ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli filmə də baxıblar.

Bundan sonra isə gənclər Heydər Əliyev Mərkəzi ilə tanış olublar, onlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Layihənin davamı olaraq Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ilə görüşüblər. Görüşdə ilk olaraq YAP GB-nin sədri Seymur Orucov layihə haqqında məlumat verərək bildirib ki, YAP GB Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlərə start verib: "Bu gün həmin silsilə tədbirlərdən biri, region gəncləri ilə YAP icra katibinin müavini Mübariz Qurbanlının görüşü baş tutur. Biz çalışdıq ki, gənclərimiz Mübariz Qurbanlı kimi şəxsin təcrübəsini, onun Ümummilli liderimizlə bağlı xatirələrini dinləsinlər. YAP GB-nin bu silsilə tədbirləri Ulu öndərin 90 illik yubileyinə qədər davam edəcək".

Gənclərin görüşünə gələn YAP icra katibinin müavini Mübariz Qurbanlı regionlardan paytaxtımıza gəlmiş gənclərlə Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dünyanın ən qabaqcıl dövlətləri sırasına çıxarıb: "Ulu Öndər bu fəaliyyəti ilə yanaşı, ölkə idarəçiliyində azərbaycanlaşdırma siyasəti yeridib. Yəni kadrların əksəriyyətinin azərbaycanlaşdırılmasına çalışıb. Bu fəaliyyəti ilə də Azərbaycanda çoxlu sayda milli kadrlar yetişib".

Daha sonra görüş səmimi diskussiya formasında qarşılıqlı fikir mübadiləsi şəklində davam edib. Gənclər öz təkliflərini, problemlərini YAP icra katibinin müavininə çatdırıblar. M.Qurbanlı da da öz növbəsində gənclərin problemləri və təklifləri ilə yaxından maraqlandı. Onların həyata keçməsi üçün səy göstərəcəyini vurğuladı. Gənclərə ölkənin ictimai-siyasi həyatında fəal olmağı tövsiyyə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə