Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu

Bu gün Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun ölkəmizin tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib.

İcra başçısı çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçərək yaşayacaq: "Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaq".

"Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün olduğu kimi, gələcəkdə də dəyişməz olaraq qalacaq. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət bir daha sübut edir ki, Ulu Öndərin qətiyyətli səyləri nəticəsində müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, və çiçəklənir",- deyə icra başçısı fikirlərinə əlavə edib.

Tədbirin davamında Əhsən Dadaşov adına "Xatirə" xalq- çalğı alətləri ansamblının müşayiəti ilə gənc və istedadlı müğənni Ramil Qasımovun ifası, xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova "Leyli və Məcnun" operasından parçalar mərasimi daha da rəngarəng edib.

Bütün xəbərlər Facebook səhifəmizdə