Etibar Hüseynov: “İlqar adında köməkçim yoxdur”

Etibar Hüseynov: “İlqar adında köməkçim yoxdur”

"Heç kəs cinayət törətməkdən sığortalanmayıb. Sabah mənim köməkçim, sürücüm və ya övladım cinayət törədərsə, əlbəttə ki, buna mən məsuliyyət daşımayacam. Hər kəs qanun qarşısında bərabərdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Etibar Hüseynov İlqar adlı köməkçisinin həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, onun İlqar adlı köməkçisi yoxdur: "Mənim köməkçimin adı Heydər İsmayıl oğlu Nuruşovdur. Seçki kampaniyası ərəfəsində deputatların ətrafında 100-ə yaxın nümayəndə olur. Onlar da seçki vaxtı fəaliyyət göstərirlər və proses bitdikdən sonra həmin şəxslərin gördüyü işlərə görə deputat məsuliyyət daşımır".

Deputat onu da əlavə edib ki, yaxın günlərdə yayımlanan "Sitatın sonu" verilişindən sonra bu cür çirkin kampaniyalar başlanıb: "Mən elə proqram yayımlanmağa başlayanda demişdim ki, mənə qarşı şər-böhtan xarakterli kampaniyalar olacaq. Elə bu olay da kampaniyanın başlanğıcıdır".

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlundan aldığımız məlumata görə isə millət vəkilinin İlqar adında köməkçisi yoxdur. A. Təvəkküloğlu da E. Hüseynovun köməkçisinin Heydər İsmayıl oğlu Nuruşov olduğunu təsdiqləyib.

Qeyd edək ki, bir sıra müxalifət mətbuatında bildirilir ki, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi ilə vətəndaşların dövlət qurumlarına aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar bu vədinə əməl etməyib.

Yaxın günlərdə yayımlanacaq "Sitatın sonu" verilişinin anonsuna aşağıdakı linkə daxil olmaqla baxa bilərsiniz...

http://www.youtube.com/watch?v=zH285hHFSHc

Bütün xəbərlər Facebook səhifəmizdə