SİA millət vəkili, Qənirə Paşayevanın ganirapashayeva.com saytına istinadən "Ən Dəyərli İnsan"la bağlı yazısını təqdim edir:
"Qədim dövrlərin birində bir kral ölkəsindəki ən alicənab insanı mükafatlandırmaq istəyir. Vəzirləri bu insanı tapmaq üçün aylar boyu araşdırma aparırlar. Sonunda kralın hüzuruna təqribən 10 nəfərdən ibarət bir siyahı gətirirlər. Həmin 10 nəfərdən biri əlindəki malı-mülkü ehtiyac sahiblərinin xeyrinə istifadə etməsi, insanlara xeyirxahlığı ilə tanınırdı. Digəri hüquq elmlərini dərindən bilməsi ilə təqdirə layiq görülmüşdü. Başqa birisi uğurları ilə məhşurlaşan bir həkim idi. Digəri isə insanlar arasındakı gərginlikləri, düşmənçilikləri, problemləri həll etmədəki nailiyyətləri ilə təqdirə layiq görülmüşdü. Vəzirlər siyahıdakı insanların keyfiyyətlərini bir-bir sadaladıqdan sonra ölkənin ucqar bir qəsəbəsində yaşamaqda olan bir ixtiyar qocadan söz edirlər. Bu ixtiyar qoca çox yaşlanmışdı və kiçik bir evdə ölümü gözləməkdə idi. Əslində bu qocanın nə böyük sərvəti, nə müdhiş bir hüquq bilgisi, nə də tibb sahəsində bir nailiyyəti var idi, amma vəzirlər "ən alicənab insan" olaraq onun seçilməli olduğunu düşünürdülər.
Kral vəzirlərinə: "Nə üçün bu cür düşünürsünüz?" deyə soruşdu.
Baş vəzir cavab verdi: "Kralım, sadaladığımız insanların nələr bacardıqlarını, hansı işlər gördüklərini, keyfiyyətlərini və əməllərini duydunuz. O insanların yarıdan çoxuna həmin bu insan müəllimlik etmişdir".
Və həmin müəllim "Ən dəyərli İnsan" seçilir…
Yaxşı müəllimlərimizin dəyərini bilməli, unutmamalı və arabir mütləq onlara baş çəkməli, söhbət etməli, fikirlərini dinləməli, problemləri ilə maraqlanmalı, əlimizdən gələn dəstək və köməyi əsirgəməməliyik. Unutmamalıyıq ki, bu gün hər birimiz həyatda bir şeylər qazana, bir yerlərə gələ bilmişiksə, bunda yaxşı müəllimlərimizin fədakarlığı və böyük zəhməti var…
"Mənim müəllimlərim də daxil olmaqla bütün peşəkar, dəyərli və əsl müəllim adına layiq olan müəllimlərə şükranlarımla".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB