Danışıqlarda niyə irəliləyiş yoxdur?

Ərəstun Baxşəliyev: “Ermənistan üzərində Rusiyanın təsiri dünyada analoqu olmayan bir təsirdir”
Danışıqlarda niyə irəliləyiş yoxdur?

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 25-də ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi məlumdur: "Biz həmsədr ölkə kimi münaqişənin tənzimlənməsində səylərimizi davam etdiririk. Müəyyən mərhələlərdə Azərbaycan və Ermənistana həmsədrlərdən müəyyən təkliflər olmuşdu. Əsas məsələ tərəflərin razılığa gəlməsi idi. Təəssüflər olsun ki, verilən təkliflərin biri bir, o biri başqa tərəfi qane etmədi. Əsas məsələ tərəflərin özlərinin razılığa gəlməsi idi".

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar dalana dirənib, Rusiyanın danışıqlarda aktivliyi niyə azalıb" sualına S.Lavrov "Rusiya aktivliyi azaltmayıb, Minsk qrupu çərçivəsində səylərini davam etdirir. Həmsədrlər mütəmadi olaraq xarici işlər nazirləri və prezidentlərlə görüşürlər" cavabını verib.

Rusiya xarici işlər naziri danışıqlar prosesində irəliləyişin olmaması barədə sualla isə razılaşıb: "Bəli, danışıqlarda irəliləyiş yoxdur".

E.Nalbandyan da danışıqlarda irəliləyiş olmadığını deyib: "Doğrudur, irəliləyiş yoxdur, amma demək olmaz ki, danışıqlar dalana dirənib. Xarici işlər nazirləri mütəmadi görüşləri keçirilir. Proses davam etdirilir".

Məsələyə münasibət bildirən politoloq Ərəstun Baxşəliyevin sözlərinə görə, faktiki olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hal-hazırda hər hansısa bir danışıqlar getmir: "Belə bir vəziyyətdə Ermənistanın xarici işlər nazir Edvard Nalbandyan tərəfdən absurd bir açıqlanmanın verilməsi, fikrimcə sözgəlişi və daxili auditoriyaya hesablanmış açıqlamadan başqa bir anlam kəsb etmir. Son Paris görüşü zamanı tərəflərin bir araya gəlməyərək, Minsk qrupu nümayəndələri ilə ayrı-ayrılıqda görüşmələri belə bunu bir daha təsdiqləyir. Qeyd edim ki, bölgədəki vəziyyətin gərgin situasiyaya daxil ola biləcəyindən hər bir tərəf xəbərdardır və tərəflər onu da yaxşı bilirlər ki, vəziyyətin bu halı rəsmi Bakının heç də qane etmir".

Politoloq cəbhədə yaşana biləcək hər hansı bir insidentin müharibənin hər an alovlanması ilə nəticələnəcəyinə də diqqət çəkir: "Bir sözlə əgər vəziyyət yenə belə davam edərsə, onda müharibənin başlanması birmənalı olaraq qaçılmaz olar. Bu gün tərəflər arasında keçirilməsi nəzərdə tutulan görüşlər də əslində artmaqda olan gərginliyin yumşaldılmasına xidmət edir. Təsadüfi deyildir, ki, Paris görüşündən sonra verilən açıqlamalardan da görünən o oldu ki, məsələnin həlli prosesində hər iki tərəfin də mövqeləri olduğu kimi qalır və irəliyə doğru yeni heç nə yoxdur.

Minsk qrupunda yer alan tərəflərin hər biri, bu gün yenə də danışıqların sürdürülməsinin tərəfdarıdırlar. Çünki, onların fikrincə istənilən danışıqlar, hətta imitasiya xarakterli olsa belə, mövcud situasiyanın hərbi ssenariyə keçməməsi üçün müəyyən təminat yaradır. Bu münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlətin rəsmi nümayəndəsi tərəfindən belə bir açıqlamanın verilməsi isə təbii ki, reallığı əks etdirir".

Ekspert deyir ki, Rusiya həm Dağlıq Qarabağ məsələsinə yanaşmada, həm də Ermənistan üzərindəki mövcud təsir mexanizmlərinə görə, digər həmsədr dövlətlərdən demək olar ki, daha çox seçilir: "Təsadüfi deyil ki, Ermənistan üzərində Rusiyanın təsiri dünyada analoqu olmayan bir təsirdir. Vaxtilə Rusiya tərəfindən problemin sülh yolu ilə həlli üçün təşəbbüslər göstərilsə də, ancaq bu halı bugünkü günümüzə şamil etmək mümkün deyil. Rusiyanın bölgə ilə bağlı öz maraqları var və hazırkı Rusiya rəhbərliyi də bu maraqların təmin olunması üçün əlində olan bütün rıçaqlardan maksimum şəkildə faydalanmağa çalışır. Mövcud durum isə bunun belə olmamasını tələb edir. Əgər danışıqlar prosesi bitmiş kimi görünürsə, əgər məsələdə sülh yolu ilə bağlı hər hansı bir irəliləyiş yoxdursa və rəsmi Bakını hazırkı durum qane etmirsə, demək məsələnin sülh yolu həlli prosesində maraqlı olan tərəflər də irəliyə doğru hansısa bir addım atmalıdırlar ki, sülh prosesi öz yerini müharibə ssenarisinə verməsin. Hansı ki, Azərbaycan da məsələnin məhz dinc danışıqlar yolu ilə həllində daha çox maraqlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə