"Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı" YENİLƏNİB

"Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı" YENİLƏNİB

Bu gün Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-ci il dönümünə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı" mövzusunda elmi-praktiki konfrans keçirilir. SİA xəbər verir ki, konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə, millət vəkili, yazıçı-publisist Elmira Axundova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev və digər rəsmi şəxslər iştirak edib.

Konfransda açılış sözü ilə çıxış edən Elmira Süleymanova bildirib ki, Ulu öndər Heydər Əliyev artıq bir fenomene çevirilib və bu dahi şəxsiyyət müstəqil Azərbaycan dövlətinin əsasını qoymaqla nəyə qadir olduğunu bir daha sübut edib: "Ümummmili lider 2-ci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycan xalqının tarixinə qurtuluş gününü yazıb. Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkə sosial, iqtisadi, praktiki və digər sahələrdə islahatlar məkanına çevirildi. Bu gün Heydər Əliyev qələminin əsəri olan Azərbaycan bir sıra istiqamətlərdə dünyanın aparıcı dövlətlərinə örnəkdir".

Ombudsman həmçinin onu da qeyd edib ki, Heydər Əliyev insan hüquqları sahəsində də yeni strategiyanın banisidir. Bu strategiyanın əsas hissəsini isə Ulu öndərin imzaladığı 9 amnistiya aktı (əfv fərmanı) təşkil edir. Bu fərman sayəsində 100-lərlə insan öz azadlığına geri qayıtdı.

SSRİ-yə daxil olan və sonradan müstəqillik əldə etmiş respublikalar içərisində iqdisadi inkişafına, kapital qoyuluşuna, həmçinin sosial sferanın sürətli tərəqqisinə görə Azərbaycanın öndə olduğunu deyən Ziyad Səmədzadə qeyd edib ki, 21 il ərzində əldə olunan nəticələr Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın bəhrəsidir: "Azərbaycan müstəqilliyinin ilk illərində iqtisadi vəziyyətinə görə dünya ölkələri arasında ən aşağı pillələrdə dururdu. Lakin qısa zamanda ölkə öz iqtisadiyyatını dinamik şəkildə inkişaf etdirdi, müəyyən müddət ərzində Azərbaycan istehlakçı ölkədən istehsalçı ölkəyə çevrildi. Bütün bunlarla yanaşı həmçinin, bu gün Azərbaycan xalqının milli təhlükəsizliyinin mövcudluğu da Heydər Əliyev siyasətinin parlaq səhifəsidir".

Digər tədbir iştirakçıları da Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər barəsində məlumat verib, bu gün prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasəti yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə