“Silahlı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır"

“Silahlı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır"

Aprel 11-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Kobieraçki ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ATƏT gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərək bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişənin həllinin uzanmasının regionda sülh və sabitliyin bərpasına imkan vermədiyini, həmçinin bütövlükdə geniş Avropa məkanı üçün təhdid təşkil etdiyini vurğulamışdır. Nazir qeyd edib ki, münaqişənin həll olunması üçün beynəlxalq ictimaiyyət işğalçı dövlətə qarşı təzyiqləri artırmalı və münaqişənin həlli məsələsi daim beynəlxalq gündəlikdə tutulmalıdır.

Nazir Azərbaycanın ATƏT-in tamhüquqlu üzvü kimi təşkilatla əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulamış və ATƏT-in bir təşkilat kimi bütün üzv dövlətlərə qarşı eyni münasibət nümayiş etdirməsinin vacibliyini qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə