Hikmət Babaoğlu: "İran 4 ölkəyə ərazi iddiası irəli sürür"

“İran daima coğrafiya olaraq Azərbaycan türklərinin siyasi, mədəni hegomoniyası altında olub”
Hikmət Babaoğlu: "İran 4 ölkəyə ərazi iddiası irəli sürür"

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Hikmət Babaoğlunun Səs TV-yə müsahibəsi

- Hikmət müəllim, İran dövləti zaman-zaman sivil, demokratik, müstəqil Azərbaycan dövlətinə qarşı təxribat, təhdid xarakterli bəyanatlar səsləndirir. Həmin təxribatların davamı olaraq İran parlamentində "Türkmənçay müqaviləsinə yenidən baxmağı tələb edən qanun layihəsinin qəbulu" gündəmə gətirilib. Bu anormallığı hansı formada şərh edərdiniz?

- İran parlamentinin bu müqaviləni gündəmə gətirməsi sırf spekulyativ xarakter daşıyır, heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə, beynəlxalq, dövlətlərarası müqavilələrin bağlanma şərtləri olduğu kimi onların ləğv olunma şərtləri də var. Birincisi, Türkmənçay sülh müqaviləsi bugünkü İran rejiminin, bu gün İranda hakim olan milli-etnik iradənin tərəf kimi iştirak etdiyi bir müqavilə deyil. Türkmənçay sülh müqaviləsi 1828-ci ildə Qacarlar sülaləsindən Fətəli şahın oğlu Abbas Mirzə tərəfindən bağlanıb. Abbas Mirzə o dövrdə səlahiyyətli nümayəndə idi. Mən tarixi mənbələrdə 1813-1828-ci illərdəki İran-Rusiya kimi xarakterizə olunan müharibələri Azərbaycan-Rusiya müharibələri kimi təqdim olunmasının tərəfdarıyam. Əgər bizim tarixçilər vaxtında bu müharibəni Rusiya-Azərbaycan müharibəsi kimi təqdim etsəydilər, bu gün İran parlamentariləri cəsarət edib belə bir məsələni ortaya ata bilməzdilər. Çünki burada iki savaşan tərəf Rusiya-Azərbaycan vardır. Hakim sülalədə, istər 1813-cü ildə bağlanmış Gülüstan sülh müqaviləsində imza atan, istər 1828-ci ildə Türkmənçay sülh müqaviləsinə imza atan tərəf Abbas Mirzə idi ki, o da Qacarlar sülaləsindən gəlirdi. Ondan əvvəl biz bilirik ki, hələ Rusiyanın bir dövlət kimi formalaşmağa başladığı bir ərəfədə, yəni Rusiya bir milli-siyasi iradı kimi meydana çıxdığı və ondan sonrakı dövrlərdə Rusiyanın əlaqələri Azərbaycan-Rusiya əlaqələri kimi səciyyələndirilməlidir, nəinki Rusiya-İran əlaqələri kimi. Çünki Səfəvilər dövründə ilkin demokratik münasibətlər də Rusiya ilə Azərbaycan arasında qurulub. Ondan sonrakı dövrlərdə Avşarlar, Qacarlar dövründə də belə davam edib. Ən son imzalanmış Türkmənçay müqaviləsi də milli siyasi iradə, Azərbaycan-türk siyasi iradəsi ilə rus siyasi iradəsidir. Burada farsların və yaxud perslərin heç bir mənəvi, hüquqi haqları yoxdur. Ona görə də hazırkı İran parlamentinin bu məsələni müzakirə etməyə nə mənəvi, nə tarixi, nə də hüquqi haqqı yoxdur.

- Hüquqi əsası niyə yoxdur?

- Müqavilə 1828-ci ildə imzalandıqdan sonra istər Rusiyada, istərsə də tərəf olan, bu gün İran adlandırılan Azərbaycanda fərqli-fərqli dövrlərdə müxtəlif rejimlər hakimiyyətə gəldi və müqavilə ilə bağlı xeyli fərqli mövqelər sərgilənib. Bunlardan biri 1921-ci ildə SSRİ təşkil olunarkən SSRİ-nin xarici siyasət idarəsinin elan etdiyi prinsip vardır ki, Çar Rusiyasının imzaladığı bütün ikitərəfli, çoxtərəfli müqavilələrdən imtina edir. Əgər bu qərar bu günə qədər ləğv olunmayıbsa, deməli Türkmənçay sülh müqaviləsi hələ o vaxt birtərəfli qaydada öz qüvvəsini itirib. Ondan əvvəl, 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti yarandı və 23 ay mövcud oldu. Bu dövrdə də Azərbaycanda Xalq Cümhuriyyəti hər hansı bir cümhuriyyətin varisi deyil, müstəqil dövlət kimi fəaliyyət göstərdi. Və ona qədər, yəni Azərbaycan Rusiyanın tərkibində olduğu müddətdə qəbul olunmuş heç bir beynəlxalq müqavilə demokratik cümhuriyyət tərəfindən tanıdılmadı. İranda da müxtəlif rejimlər dəyişildi və bunların bir-biri ilə varis olmağı ilə bağlı elan etdiyi prinsiplər yoxdur. Azərbaycan isə 1991-ci ildə, müstəqilliyini ikinci dəfə qazandıqdan sonra elan etdik ki, biz 1918-1920-ci illərdə fəaliyyət göstərmiş demokratik Azərbaycan Cümhuriyyətinin varisiyik. Amma, İran inqilabından sonra İran İslam Respublikası elan etdimi ki, ona qədər olan İran rejiminin siyasi varisidir? Bu barədə hər hansı bir bəyanat eşitməmişəm.

- Bəs, hüquqi əsası olmayan və üzərindən iki əsrə yaxın zaman keçən bir müqavilənin yenidən gündəmə gətirilməsinin arxasında hansı məqsədlər dayanır?

- İran daima coğrafiya olaraq Azərbaycan türklərinin siyasi, mədəni hegomoniyası altında olub. Bu gün də bəzi istisnalar olmaqla da belədir. Bu gün İran coğrafiyasında və Azərbaycanda azlıqda olan perslər hakimiyyətdədirlər. Öz milli-etnik iradələrini diktə etməyə çalışırlar. Amma İran əhalisinin 70 faizini türklər - azərbaycanlılar, qaşqaylar, türkmənlər, çəpənilər və digər çoxsaylı türk xalqları təşkil edir. Bu 70 faizin içərisində 50 faizdən çoxu sırf Azərbaycan türkləridir. Ona görə də azlıq olan persin iradəsi ilə belə məsələlər müzakirə oluna bilməz, çünki qeyd etdiyimiz kimi Türkmənçay sülh müqaviləsi məhz Azərbaycanın milli, siyasi iradəsinin nəticəsi olaraq meydana çıxıb. Abbas Mirzə məğlub olduqdan sonra məcburən Azərbaycanın bir hissəsini güzəştə gedib. Müqavilədə də məhz elə yazılır. Azərbaycanın şimal hissəsinin güzəştə gedildiyi qeyd edilir. Əgər söhbət Azərbaycandan gedirsə, o zaman İranın bura nə aidiyyəti var.

- Qeyd etdiniz ki, İran əhalisinin 50 faizdən çoxu azərbaycanlıdır. Hazırda onlar arasında milli oyanış geniş vüsət alıb. Sizcə, Fars-molla rejimi mütəmadi olaraq rəsmi kürsülərdən, mövqelərdən bu cür anormal fikirlər səsləndirməklə azərbaycanlıların milli mübarizə əhval ruhiyyəsini qırmaq məqsədi güdür? Diqqət çəkən bir məqam isə odur ki, parlamentdə bu məsələni qaldıran 2 azərbaycanlı deputatdır.

- Bu gün İran dövlətinin rəsmi siyasətini müəyyənləşdirən fars şovinistləri bilirlər ki, o iddialar farsların, yaxud İranda yaşayan digər etnik qrupların dilindən səslənsə buna qarşı etriaz olacaq. Ona görə də məhz "sapı özümüzdən olan baltalarla" öz kökümüzü baltalamağa çalışırlar. Amma bizim oradakı soydaşlarımız buna alət olmamalıdırlar. Onsuz da özünüdərk prosesi gedir, kimin kim olduğu bu gün bəllidir. İran bu gün bu məsələ ilə həm də bu günə qədər azərbaycanlılara qarşı bütövlükdə regionda, yaxın Şərq və Şimali Afrikada həyata keçirdiyi yanlış siyasəti pərdələmək üçün və özünün daxili auditoriyasında gündəliyi dəyişmək məqsədilə bu faktordan istifadə edir. Bu İranın daxili auditoriyasına hesablanmış bir addımdır, ciddi dövlətlər tərəfindən gülünclə qarşılanır. Bu, eyni zamanda güclənən müstəqil Azərbaycana təzyiq formasıdır. Eyni zamanda bu addım getdikcə mövqeyi zəifləyən Ermənistana bir dəstək aksiyası kimi də dəyərləndirilə bilər. Burada başqa bir məsələ də var. Parlamentdə qaldırılan Türkmənçay müqaviləsində qeyd olunan Qafqazdakı 17 şəhərin içərisində İrəvan, Tbilisi, Dərbənd də var. Bu gün İran parlamenti birdən-birə 4 ölkəyə Azərbaycana, Ermənistana, Gürcüstana və Rusiyaya ərazi iddiası irəli sürür. Maraqlıdır hər şeydə həssaslıq nümayiş etdirən Ermənistana, Gürcüstana və Rusiyaya bu məsələyə reaksiya vermirlər? Ona görə ki, bunu əhəmiyyətsiz hesab edirlər və bir də ona görə ki, buradakı əsas hədəfin Azərbaycan olduğunu bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə