"ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır"
"ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi Azərbaycanın xarici siyasət fəaliyyəti çərçivəsində çox da önəmli məsələ deyil". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisinin sözlərinə görə, ATƏT-ə üzv ölkələrin hər biri təşkilata müəyyən səlahiyyət veriblər: "ATƏT hökumətlərarası təşkilatdır. ATƏT də mərkəzləşmiş şəkildə bu səlahiyyətlər çərçivəsində bir missiya həyata keçirir. Bu təhlükəsizlik və əməkdaşlıq məsələləridir. Azərbaycan təhlükəsizlik və əməkdaşlıq çərçivəsində ATƏT ilə indiyə qədər olduğu kimi bundan sonra da əlaqələrini davam etdirəcək".
Ə.Həsənov bildirib ki, bəzən ATƏT-in missiyasını təhlükəsizlik və əməkdaşlıq missiyasından kənar daha çox daxili və regional məsələlərlə yükləyirlər ki, bununla da ATƏT öz missiyasından uzaqlaşır: "Azərbaycan tərəfi olaraq öz istəyimizi ortaya qoymuşuq. ATƏT əməkdaşlıq və təhlükəsizlik məsələləri ilə bağlı üzv ölkələr arasında bir tərəfdaşlıq mühiti yaratmalı, fəaliyyətini də bu istiqamətdə davam etdirməlidir. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi ATƏT-in mərkəzi ofisi ilə danışıqlar aparır və veriləcək qərar ictimaiyyətə açıqlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB