Bakıda “The Business Year” jurnalının təqdimatı keçirilir

Bakıda “The Business Year” jurnalının təqdimatı keçirilir

Bu gün Bakıda Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalının 2013-cü ildə Azərbaycanla bağlı buraxılışının təqdimatı keçirilir. SİA-nın xəbərinə görə, təqdimatda jurnalın regional direktoru Betül Çakaloğlu, jurnalın nümayəndəsi Jason Nash, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Sənaye və energetika naziri Natiq Əliyev, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev və digər rəsmi qonaqlar, media nümayəndələri iştirak edirlər.

PA rəsmisi Əli Həsənov tədbirdə çıxış edərək jurnalın ölkəmiz üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanın inkişaf etdiyi dövr çox maraqlı dövrə təsadüf edir: "Əsas məqam isə ondan ibarətdir ki, Azərbaycan dünyanın əksər ölkələrinin böhran keçirdiyi bir dövrdə iqtisadi cəhətdən sürətlə inkişaf edir. Dünya ölkələri elə bir vəziyyətə gəlib ki, beynəlxalq hüquq normalarından kənara çıxaraq insanların banklara yatırdıqları sərmayələrə göz qoyur, təqaüdçülərin maaşlarını kəsir, sosial layihələrə yönəltdikləri proqramları dayandırırlar. Avropada artıq elə böhran yaranıb ki, oranın sakinləri Asiyaya, Şərqə axın edirlər. Onlar özlərinin gələcək sosial-iqtisadi proqramlarını Asiya ölkələrində həyata keçirməyi planlaşdırırlar. Belə bir şəraitdə Azərbaycanın inkişaf sirləri, inkişaf modelləri tək azərbaycanlıları deyil, bütün dünyanı maraqlandırır".

Əli Həsənov həmçinin qeyd edib ki, bu il Azərbaycan üçün çox uğurlu və əhəmiyyətlidir. Belə ki, Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzun qüdrətinin artdığını göstərir.

Qeyd edək ki, jurnal Azərbaycan Prezidenti İlham Əliyevi 2013-cü ildə dünyada "İlin adamı" elan edib.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə