“Bəşəriyyət işgüzar əməkdaşlığa “hə”, münaqişələrə “yox” deyir”!

“Bəşəriyyət işgüzar əməkdaşlığa “hə”, münaqişələrə “yox” deyir”!

Bu gün Azərbaycan Sosial Rifah Partiyasının Gənclər Təşkilatının (ASRPGT) "Bəşəriyyət işgüzar əməkdaşlığa "hə", münaqişələrə "yox" deyir" layihəsi çərçivəsində mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı, ASRPGT-nın sədri Turanə Qasımova və Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri iştirak edib. ASRPGT-nın sədri Turanə Qasımova bildirib ki, tədbirin əsas məqsədi ölkə KİV-ləri ilə yaxından tanışlıq və reallaşdırılacaq layihələrin media vasitəsilə ictimaiyyətə təqdim olunmasıdır: "Biz bu tədbirlə bir növ sizlərin qarşınızda hesabat veririk. Həmçinin gələcək əməkdaşlığın getdikcə inkişaf etdirilməsi istiqamətində bu konfransları müsbət addım kimi dəyərləndiririk. Çalışırıq ki, gənclərimizin bütün layihələri media vasitəsilə ictimaiyyətə lazımınca təqdim olunsun".

T.Qasımova deyib ki, bizim gələcək planlarımız həddən çoxdur: "Bunlara nümunə olaraq Şamaxı və Sumqayıt şəhərlərində eləcə də cəbhə bölgəsinə yaxın regionlarımızda bu kimi tədbirlərin həyata keçirilməsini planlaşdırırıq. Mən düşünürəm ki, "güc birlikdədir". Belə ki bir yerdə olan gənc hər zaman özünü güclü hesab etməlidir. Hətta belə bir məsəl vardır ki, "danış səni görüm". Əgər hər hansı bir insan danışırsa deməli o öz fikirlərini, ideyalarını ortaya qoymuş olur. Mənim bir gənc olaraq fikirlərim ondan ibarətdir ki, ideyaları, potensialı, intelektual səviyyəsi güclü olan gənclər ətrafımıza toplansın. Çalışırıq ki, kreativ bir istiqamətdə, layihələr çərçivəsində bu həyata keçirilsin".

Qeyd edilib ki, layihə çərçivəsində martın 1-də Biləsuvar Rayon Mədəniyyət Evində "Bəşəriyyət işgüzar əməkdaşlığa "hə", münaqişə və müharibələrə "yox deyir" mövzusunda regional müşavirə keçirilib. Cənub bölgəsinin sahibkar və fəal gənclərinin, ziyalıların və elm adlarının iştirak etdikləri tədbirdə müasir dünyamızda baş verən münaqişələrin, terror, təxribat və müharibələrin törətdiyi bəlalardan ətraflı söhbət açmışdılar. Tədbirdə çıxış edən gənclərin nümayəndələri dünyanın bütün vətəndaşlarını ayıq-sayıq olmağa, haqqı nahaqqa qurban verməməyə səsləmişlər. Bildirilib ki, toplantıda gənclər tərəfindən "Yaşasın işgüzarlıq, əməkdaşlıq! ", "Rədd olsun münaqişələr və müharibələr!" şüarları səsləndirilib.

Daha sonra jurnalistləri maraqlandıran suallara təşkilat komitəsi tərəfindən aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə