YAP-ın icra katibi Əli Əhmədov Sabirabad rayonundan sonra günün ikinci yarısında Saatlı rayonuna gəlib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Əli Əhmədov Saatlı rayonunda YAP-ın yeni istifadəyə verilən inzibati binası ilə tanış olub.
Gənclər Mərkəzində keçirilən görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev məlumat verərək bildirib ki, partiyanın 7522 nəfər üzvü 77 ilk ərazi təşkilatında birləşib və fəaliyyət göstərir. Üzvlərin 35 faizini gənclər, 30 faizini isə qadınlar təşkil edir. L.Şıxəliyev partiyanın fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edib.
YAP fəalları qarşısında çıxış edən Sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün Saatlı rayonunu əzəmətli, gözəl, inkişaf etməkdə olduğunu görmək insanda çox xoş təsir bağışlayır: "Saatlı rayonunda aparılan tikinti, abadlıq işlərini Azərbaycanın inkişafının bariz nümunəsi hesab etmək olar. Saatlı sözün həqiqi mənasında bu rayonda yaşayan, işləyən hər bir sakinə layiq səviyyədə inkişaf edir. Rayonda görülən işlər Prezident İlham Əliyevin dediyi kimi, xalqa xidmətin göstəricisidir. Azərbaycan dövlətinin, Heydər Əliyev siyasi xəttinin əsl qayəsi bundan ibarətdir ki, insanlar normal, sabit, təhlükəsiz şəraitdə, xoşbəxt yaşasınlar. İnsanların yaxşı yaşaması onların təbii haqqlarıdır. Əldə olunan nailiyyətlər, əhalinin həyat səviyyəsinin yüksəlişi dinamik, stabil iqtisadiyyatımızın düzgün, müdürük şəkildə idarə olunmasıdır. 10 il ərzində 20 dəfə büdcəsi artan Azərbaycanın hesabında bu gün 20 milyard manat vəsaiti var. Həll olunan problemlər imkanlarımızın artmasından irəli gəlir. Bu inkişafın dayanıqlı, əbədi olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha sıx birləşməkdən ibarətdir".
İcra katibi YAP Saatlı rayon fəallarının qarşısında duran vəzifələrdən də danışıb. Qeyd edib ki, hər bir partiya üzvü seçkilərdə fəal olmalı və qələbəmizin təmin edilməsində səylərini ortaya qoymalıdırlar.
YAP fəallarından əməkdar müəllim Oktay Məmmədov, Ruxsarə Səmədova, Rübabə Allahverdiyeva çıxış edərək Saatlı rayon sakinlərinin 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevdən başqa namizədlərinin olmadığını və yalnız ona səs verəcəklərini bildiriblər.
Görüşdə Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da iştirak edib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB