"Heç olmasa millət vəkilləri onu müdafiə etməsin" MÜNASİBƏT

Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif olunub
"Heç olmasa millət vəkilləri onu müdafiə etməsin" MÜNASİBƏT

"Yolunu azmış, harınlamış məmurlarla mübarizə məsələsində Milli Məclis də özünün prinsipial mövqeyini ortaya qoymalıdır. Mən ad çəkmək istəmirəm, adlar məlumdur. Prezident addımlar atmağa başlayıb. Biz həmişə prezidentlə bir yerdə olmuşuq, onun siyasətini dəstəkləmişik. Yolunu azmış, harınlamış məmurların idarəçilikdən uzaqlaşdırılmasında da prezidentlə birgə olmalıyıq". SİA-nın məlumatına görə, bu fikirləri parlamentin bugünkü iclasında çıxışı zamanı Fəzail Ağamalı deyib. O, prezident İlham Əliyevin icra strukturlarının rəhbərlərinə xəbərdarlığına toxunub. O, millət vəkillərini dövlət başçısı ilə həmrəy olmağa çağırıb.

Millət vəkili İqbal Ağazadə İsmayıllı hadisələrindən sonra REAL hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsinin cəmiyyətdə bir sıra suallar yaratdığını söyləyib: "Hadisədən iki gün sonra birinin müxbir, digərinin aktiv şəxs kimi rayona getməsinə görə həbs olunması anlaşılmazdır. Hadisənin məsuliyyəti hakimiyyətin üzərindən müxalifətin üzərinə atmağın nə yeri var? Prezidentin çıxışından sonra İsmayıllı hadisələrinə görə həbs olunanların hamısı azadlığa buraxılmalıdır".

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, istintaq İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıya hansı məqsədlə getdiklərini araşdıracaq: "Ona görə də narahat olmayın".

Millət vəkili Fazil Mustafa Tofiq Yaqublunun qızından sonra özünün həbsinin düzgün olmadığını söyləyib: "Ancaq İlqar Məmmədov məsələsi fərqlidir. Bu şəxs millət vəkillərini, Milli Məclisi təhqir edib. Heç olmasa millət vəkilləri onu müdafiə etməsin".

Millət vəkili Etibar Hüseynov Əkrəm Əylislinin "Daş yuxular" romanına toxunub. O deyib ki, müvafiq dövlət qurumları fəxri adlar almış adamların davranışlarını diqqət mərkəzində saxlamalıdır. Etibar Hüseynov təklif edib ki, bununla bağlı Milli Məclisin ayrıca iclası keçirilsin.

Deputat Sabir Rüstəmxanlı deyib ki, günahsız insanların həbsdə saxlanması düzgün deyil: "Prezidentin çıxışının mahiyyətində də bu vardı. Biz dəfələrlə dövlət orqanlarına müraciət edirik, cavab vermirlər. Tofiq Yaqublu və qızı niyə həbsdə saxlanılmalıdır? Nə olub, ata-bala ölkəni dağıdırlar?!"

Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara qoşulur: "Buna uyğun olaraq qanunlara dəyişiklik edilir. Digər tərəfdən, ictimai münasibətlərin inkişafına uyğun olaraq qanunlara dəyişiklik edilməsi zərurəti yaranır. Ona görə də qanunlara yamaq vurulur ifadəsi ilə razı deyiləm".

Bütün xəbərlər Facebook səhifəmizdə