Yaxud düşmən dəyirmanına su tökənlər
Vaxtilə Müdafiə Nazirliyində məsul vəzifədə xidmət edərkən hərbi xidmət anlayışını zabit adına yaraşmayan hərəkətlərlə kölgə altına saldığına görə ordu sıralarından uzaqlaşdırılmış "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərlinin Müdafiə Nazirliyinin maliyyə idarəsinə qarşı səsləndirdiyi şər-böhtan dolu qeyri-ciddi ittihamlar heç bir hüquqi əsasa söykənmir. Çünki bir vaxtlar ona etibar edilən, etimad göstərilən bir vəzifənin öhdəsindən gəlməyi bacarmayan Y.Cəfərli "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndi ilə (xidməti uyğunsuzluğa görə!) ehtiyata buraxılıb.
Araşdırmalarımız bir daha onu təsdiq edir ki, Müdafiə Nazirliyi Kadrlar və hərbi təhsil idarəsində komplektləşdirmə şöbəsinin rəisi vəzifəsində qulluq edərkən hərbi qulluqçuların müraciətlərinə etinasız yanaşan, kadrların seçilməsində obyektivlik meyarını deyil, tamamilə başqa ölçüləri əsas götürən bu adam daim öz vəzifə səlahiyyətlərindən sui istifadəyə yol vermişdir. Əks təqdirdə onun əlilə, məsələn, mühəndislik üzrə ixtisaslaşmış zabit kəşfiyyat hərbi hissəsinə, stomatoloq isə ümumi müalicə həkimi vəzifəsinə təyin edilməzdi.
Son araşdırmalarımız nəticəsində onun saxtakarlığının bir sıra çeşid-çeşid tərəflərini də müəyyənləşdirmək mümkün olmuşdur. Yaşar Cəfərlinin şəxsi işində xarakterinə uyğun "əl izlərinin" tərəfimizdən aşkar edilməsi bizə növbəti dəfə öz iddialarımızda haqlı olduğumuzla bağlı tutarlı əsas vermişdir. Bu şəxsi işi nəzərdən keçirdikcə məntiqsiz təfərrüatlarla gözə dəyən bir sıra məqamlara istər-istəməz gülməyə bilmirsən: axı insan özü özünə necə təşəkkür elan edə bilər! Yaxud vaxtilə SSRİ Müdafiə Nazirinin əmrinin dairə kamandanı tərəfindən ləğv edilməsini hüquqi cəhətdən necə əsaslandırmaq olar! Bütün bunlar onu göstərir ki, özünü daim saxta sənədlərlə rəhbərliyə "təqdim edən" bu yalançı dil pəhləvanı hələ kadrlar idarəsində xidmət edərkən öz vəzifə səlahiyyətlərini açıq-aydın aşmış, qanunun tələblərini kobud şəkildə pozaraq ixtiyarı olmadan şəxsi işini öz əlilə "tərtib" etmişdir. Bütün bunları nəzərdən keçirdikcə aydın şəkildə başa düşürsən ki, saxta blankları özü haqqında şit təriflərlə doldurmaq bu özündən razı "rəisin" xidməti hobbisi olub.
Buna əmin olamaq üçün gəlin əlimizin altındakı bir neçə sənədə ötəri diqqət yetirək. Həmin sənədlərdən birində Füzuli rayon hərbi komissarının müavini vəzifəsində çalışan Y.Cəfərli "N" hərbi hissəsinin ayrı-ayrı kateqoriyalı hərbçilərlə keçirilən müxtəlif məzmunlu tədbirlərinin əsas fiquru, nizam-intizamın, hətta döyüş hazırlığının möhkəmləndirilməsində, şəxsi heyətlə aparılan işlərdə, zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında, hətta döyüş texnikalarının sazlığının yoxlanılmasında və məxfi sənədlərin tərtibində (!) son dərəcə vacib bir persona kimi təqdim edilir. Lakin sənəddə öz əksini tapan dərkənar da bu adamın bir insan kimi həqiqi mahiyyətini açıb ortaya qoymaq baxımından maraqlıdır. Dərkənarda respublikanın o vaxtkı hərbi komissarı tərəfindən bu sözlər yazılıb: "Y.Cəfərli harada xidmət edir!? Hərbi komissarlıqda!" Ymumiyyətlə, bu adamın öz səlahiyyətlərini aşması, şöhrətpərəstliyi indinin özündə də nə bilim hansı təşkilatınsa prezidenti, hansı təşkilatınsa sədri kimi pafoslu təqdimatlarında açıq-aydın görünür.
Digər bir sənəddə isə Y.Cəfərlinin Qazax rayon hərbi komissarlığında işləyərkən xidmət illəri bu təşkilata qəti aidiyyatı olmayan "N" hərbi hissəsinin möhürü ilə təsdiq edilir. Belə nümunələrin sayını artırmaq da olar.
Bir vaxtlar ali hərbi məktəbi bitirdikdən sonra cəmi bircə il fəaliyyətdə olan hərbi hissədə xidmət etməsi də adı çəkilən "qəhrəmanın" xarakterindəki zəif tərəfləri görmək üçün tutarlı əsas rolunu oynaya bilər. Belə ki, Y.Cəfərli taqım komandiri kimi xidmətə başladığı ilk ildəcə hərbin çətinliklərindən qorxaraq özünü xəstəliyə vurmuş, qısa müddətdən sonra yalançı "vərəm" diaqnozu ilə sıradan kənar təşkilatlarda, isti kabinetlərdə gün keçirməklə başını girləmişdir.
Beləliklə, "şanlı" hərbçi həyatı əvvəlcə Ukraynada, sonra isə, Füzuli, Qazax, Quba, Nəsimi, Binəqədi rayonlarında yerləşən hərbi komissarlıqlarda keçən Y.Cəfərli bu gün Müdafiə Nazirliyinə qarşı yalan informasiyaları KİV-ə ötürən adamlardan biri kimi təkcə Silahlı Qüvvələrimizə deyil, həm də dövlətə qarşı bir təxribat törətməkdədir. Əlbəttə, Yaşar Cəfərlinin özü də bütün bunlardan xəbərsiz deyil. agentliklər nəzarət edir və cavabdehlik daşıyır.
Göründüyü kimi, Y.Cəfərlinin guya kimlərinsə maraqlarını müdafiə etmək, vətəndaşlara hüquqi yardım göstərmək kimi gülünc iddialarından burada qətiyyən söhbət belə gedə bilməz.
Daim maliyyə maxinasiyalarından pafosla danışan Y.Cəfərlidən soruşmaq istərdik: siz Müdafiə Nazirliyində məsul vəzifədə xidmət edərkən, maliyyə xidməti sahəsində çalışan hərbi qulluqçuların yerdəyişmə prosesi şəffaf aparılırdımı?! Bu sualı həm də həmin dövrdə müvafiq sahədə yerdəyişmələrin şəxsən sizin əlinizlə külli miqdarda rüşvət hesabına həyata keçirilməsini iddia edən hərbi qulluqçuların tələbi kimi qəbul edin.
İndi qoy oxucular desin, belə bir adamın Silahlı Qüvvələrdə aparılan islahatlar haqında danışmağa, ordunun idarəetmə sistemi barəsində fikir yürütməyə, dövlət başçısının etimad göstərdiyi məsul şəxsləri müzakirə obyektinə çevirməyə haqqı varmı! Əlbəttə, yox!
Etiraf edək ki, Y.Cəfərli kimiləri həmişə ayrı-ayrı əcnəbi donor təşkilatlardan aldıqları külli miqdarda qrantların əvəzində milli maraqları deyil, məhz bu təşkilatların tələblərini yerinə yetirmiş və bu zaman müharibə şəraitində yaşayan bir ölkənin imicinə zərbə vurmaqdan belə çəkinməmişlər. Orduda islahat aparmaqdan, Silahlı Qüvvələrimizin müdafiə qüdrətini artırmaqdan danışmaq bu cür yalançı vətənpərvərlərdən ötrü sadəcə kimlərinsə maraqlarına xidmət etmək üçün lazımdır. Belələrinin orduya müxalif qüvvələrin əlində bir alətə çevrilməsi də heç kimdə şübhə doğurmur. Ancaq Azərbaycan ordusu öz qarşısında yalnız bir düşmən görür. Bu da işğalçı Ermənistan ordusudur. Y.Cəfərlinin hazırkı fəaliyyətilə düşmənlə bir cəbhədə dolayısı ilə birləşməsi isə bizdə ancaq və ancaq acı təəssüf doğurur…
Eldar Abasoglu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB