"Heydər Əliyev məktəbi" kursunun açılış mərasimi keçirilib

"Heydər Əliyev məktəbi" kursunun açılış mərasimi keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə təşkil olunmuş "Heydər Əliyev məktəbi"nin növbəti kursunun açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə hakim partiyanın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva və YAP-ın bir qrup fəal gəncləri iştirak edib.

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxışında bildirib ki, Azərbaycanda gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir: "Bu gün cəmiyyətimizin kreativ və intellektual təbəqəsini təşkil edən gənclərimiz ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunurlar. Ölkəmizin aparıcı gənclərinin böyük əksəriyyəti YAP-ın ətrafında birləşib. Prezident 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nı təsdiq edib ki, bununla da dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədi ilə Gənclər Fondu yaradılıb. Bununla belə Bakıda Gənclər Mərkəzinin, regionlarda "Gənclər Evi"nin inşa edilməsi üçün müvafiq addımlar da atılıb. Azərbaycan dövləti fəal mövqedə duran bacarıqlı, məqsədə doğru inamla gedən gəncləri dəstəkləyir və onlarla fəxr edir".

YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov isə deyib ki, hakim partiyanın sıralarında yüksək fəaliyyəti və vətənpərvərliyi ilə seçilən çoxlu sayda gənclərimiz var: "Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev gənclərə həmişə böyük diqqət və qayğı göstərir. Partiya gənclərin həm Azərbaycanın ən gözəl istirahət guşələrində istirahət etmələrinə şərait yaradır, həm də onların siyasi fəallığının artırılması üçün tədbirlər həyata keçirir. Bütün bunlar gənclərin gələcəyin fəal üzvləri kimi yetişməsində müsbət təsir göstərir".

Daha sonra Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov çıxış edərək, Nizami rayonunda gənclərlə bağlı görülmüş və görüləsi planlaşdırılan işlər haqqında söhbət açıblar.

Sonda Heydər Əliyev məktəbinin ötən kursunun məzunları, YAP-a qəıbul edilmiş yeni üzvlər və YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında aktiv olan gənclərə sertifikatlar, fəxri fərman və partiyanın vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə