“Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar”

“Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar”

YAP-ın təşəbbüsü ilə bu mövzuda Bakı şəhərində keçirilmiş beynəlxalq konfransın materialları əsasında eyni adlı kitab işıq üzü görüb

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransın materialları əsasında eyni adlı kitab işıq üzü görüb. Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" kitabının ideya və layihə müəllifləri YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov və AzərTAc-ın ın direktoru Aslan Aslanovdur. Konfransda edilmiş məruzə və çıxışlar kitabda azərbaycan, ingilis və rus dillərində öz əksini tapıb.

21 dekabr 2011- ci il tarixdə Bakı şəhərində keçirilmiş "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransda dünyanın 30-dan çox ölkəsindən mötəbər qonaqlar iştirak edib.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubu oxunub.

Konfransın əhəmiyətindən bəhs edən YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov deyib ki, qloballaşan dünyada modernləşmə siyasəti və yeni iqtisadi, sosial çağırışların müzakirəsi olduqca vacibdir. "Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş ölkələrdə sabitlik yaranmayıb, əksinə yeni qarşıdurmalar meydana gəlib. Əsasən də iqtisadi və sosial problemlər yeni çağırışların yaranmasına səbəb olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir sıra problemlərlə üzləşib. Ermənistanın hərbi təcavüzünə, yaranmış iqtisadi böhrana baxmayaraq, Azərbaycan yeni inkişaf yoluna qədəm qoyub. Ölkəmizdə yoxsulluq səviyyəsi 49 faizdən 8 faizə enib. Zəngin təbii sərvətlərə malik olan Azərbaycan təkcə Avropanın deyil, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bakıda bu tədbiri təşkil etməkdə məqsəd modernləşmə ilə bağlı fikirləri bölüşmək, yaranmış vəziyyəti bir daha müzakirə etməkdir" - deyə YAP Sədrinin müavini vurğulayıb.

Konfransda Latviyanın sabiq prezidenti, Latviya Seyminin üzvü Valdis Zatlers konfransın əhəmiyyəti haqqında danışaraq bildirib ki, burada dünyanın müxtəlif ölkələrindən iştirak edən nümayəndələrin modernləşmə siyasəti ilə bağlı fikir mübadiləsi aparmaları vacibdir.

"Modernləşmə" anlayışının müasir dünyamızda çox geniş yayıldığını qeyd edən V.Zatlers yeni sosial və iqtisadi çağırışlara cavab verilməsi istiqamətində dünya dövlətlərinin qarşısında duran vəzifələrdən danışıb.

Filippin parlamentinin sabiq sədri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin həmsədri Xose de Venesia bildirib ki, hər bir ölkənin qarşısında duran əsas çağırışlardan biri iqtisadi problemlərin həll edilməsi, yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bu problemlər artıq həllini tapıb.

Konfransda iştirak edən Avropa Xalqları Partiyasının sədri, Belçikanın sabiq baş naziri Uilfrid Martens çıxışında öncə Avropanın keçdiyi inkişaf yolu barədə fikirlərini bildirib. Hazırda dünyada qloballaşma prosesinin getdiyi deyən U.Martens problemlərdən birgə çıxış yolunun tapılmasının vacibliyini vurğulayıb. Avropa Xalqları Partiyasının sədri Azərbaycanın baş verən inkişaf proseslərini də yüksək qiymətləndirib.

Konfransda həmçinin, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, Çin Kommunist Partiyası MK-nın xarici əlaqələr şöbəsinin nazirinin müavini Çen Fensyan, Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç, Serbiyanın əmək və sosial siyasət naziri Rasim Lyayiç, Macarsıtan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun direktoru Andras İnotay və digər ölkələrin nümayəndə heyətlərinin üzvləri çıxış edərək Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu tədbirin çox vacib bir məsələyə həsr olunduğunu vurlayıblar. Çıxış edənlər təmsil etdikləri dövlətlərin sosial-iqtisadi vəziyyəti ilə bağlı məlumatlar vermiş və modernləşmə siyasəti ilə əlaqədar fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə