"Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında Parisdə keçiriləcək görüş Ermənistan tərəfindən pozula da bilərdi. Bu barədə hətta erməni mətbuatında da yazılar dərc olunub". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin bu gün Parisdə keçiriləcək görüşünə şərh verərkən deyib.
Politoloqun sözlərinə görə, heç şübhəsiz ki, bu görüşün baş tutmamasını şərtləndirən əsas amillərdən biri erməni tərəfinin fikrincə Xocalı aeroportunun burada müzakirəyə çıxarılacağı və Azərbaycanın qətiyyətli mövqe ilə çıxış edəcəyi idi: "Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ilk öncə ATƏT-in Minsk qrupunun həmsədləri ilə görüşəcək. Bu görüşdə Amerikanın (ABŞ) Azərbaycandakı səfirinin də qeyd etdiyi kimi Xocalı aeroportu ilə bağlı məsələ gündəmə gətiriləcək. Azərbaycan Xocalı aeroportu ilə bağlı heç bir halda yeni model irəli sürmür. Amma burada əsas məsələ yenə də yenilənmiş Madrid prinsiplərindən eləcə də Praqa prosesi çərçivəsində münaqişənin tənzimlənməsindən gedir. Prinsip etibarı ilə yeni təkliflər yoxdur, əksinə köhnə təkliflər hələ də gündəmdədir".
E.Nəsirlinin fikirncə, görüş ərəfəsində ATƏT-in Minsk qrupu həmsədlərinin son zamanlar irəli sürdükləri işçi təkliflər də müzakirə oluna bilər: "Ermənistandakı prezident seçkiləri öncəsi bu kimi görüşlərin keçirilməsi ilə hər hansı irəliləyişə nail olmaq şansı olduqca aşağı səviyyədədir. Təbii ki, seçkilərin özü də Ermənistan tərəfinin tutduğu mövqeyə bu və digər formada təsir göstərəcək. Bu gün də Ermənistan prezidenti Serj Sarkisyan seçkilər öncəsi hərbi ritorikaya, populizmə söykənən bəyanatlarla çıxış edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB