Asəf Hacıyev: “Ştrasser kimi insanlar müxtəlif dairələrin sifarişlərini həyata keçirirlər”

Asəf Hacıyev: “Ştrasser kimi insanlar müxtəlif dairələrin sifarişlərini həyata keçirirlər”

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda siyasi məhbuslarla bağlı məruzənin qəbul olunmaması, Kristof Ştrasser üçün bir növ dərs olmalıdır. Bunu SİA-ya millət vəkili Asəf Hacıyev deyib.

Parlament üzvünün sözlərinə görə, bu insan heç kimin sifarişini yerinə yetirməməlidir: "K.Ştrasserin görünüşcə fəaliyyəti, Avropa dəyərlərinə yad tendensiyadır. Bu kimi insanların Avropada sayı-hesabı belə yoxdur. Həmin insanlar bir şeyi başa düşməlidirlər ki, Azərbaycan gənc dövlətdir. Dövlətimizin inkişafına maneçilik törədən addımlar atmaq yerinə, hansısa köməklik göstərsələr daha doğru olardı. K.Ştrasser kimi insanlar dərk etməlidirlər ki, Azərbaycan öz prezidentinin siyasətini dəstəkləyir və onu uğurla davam etdirir. Bu siyasət isə inkişafdan, qonşu dövlətlərlə sülh çərçivəsində yaşamaqdan ibarətdir. Bununla da K.Ştrasser kimi bədbin insanlar öz tutduqları mövqelərindən əl çəkməlidirlər. Bu insanlar müxtəlif qrupların, dairələrin sifarişlərini həyata keçirirlər. AŞPA-nın son iclası göstərdi ki, artıq burada sağlam qüvvələr mövcuddur. Təbii ki, bu da son dərəcə sevindirici amildir".

Qeyd edək ki, ötən gün AŞPA-da Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəsi qəbul edilməyib. Gərgin müzakirələrlərdən sonra səsvermədə 125 deputat qətnamə layihəsinin əleyhinə, 79 nəfər isə lehinə səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə