BAXCP zorakılığı qətiyyətlə pisləyir

İdarə Heyəti: "Binə" Ticarət Mərkəzində mülkiyyətin əldə edilməsi və digər məsələlərlə bağlı həyata keçirilən maliyyə əməliyyatlarının qanunvericiliyə uyğunluğu ciddi şəkildə araşdırılmalıdır”
BAXCP zorakılığı qətiyyətlə pisləyir

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ yanvarın 19-da "Binə" Ticarət Mərkəzində baş vermiş hadisə ilə bağlı olub. BAXCP İdarə Heyəti qarşıdurma və təxribatla müşaiyət olunan hadisə ilə partiyanın mövqeyini ifadə edən açıqlama qəbul edib. SİA-həmin açıqlamanı sizə təqdim edir:

"BAXCP İdarə Heyəti baş vermiş hadisədən, eləcə də vətəndaşların və güc strukturlarının yaranmış hər hansı problemi zor və güc müstəvisində həll etməyə cəhd göstərmələrindən təəssüfləndiyini bildirir. BAXCP İdarə Heyəti hesab edir ki, istənilən məsələ öz həllini mövcud qanunvericilik çərçivəsində, hüquqa söykənən addımlar və dialoq yolu tapmalıdır".

"Binə" Ticarət Mərkəzində sahibkarların mülkiyyət hüquqlarının təmin edilməsi ilə bağlı məsələnin həll olunmaması və kütləvi informasiya vasitələrinin daim diqqətdə saxladığı bu problemə müvafiq qurumlar tərəfindən aydınlıq gətirilməməsi narahatlıq doğurur: "BAXCP İdarə Heyəti hesab edir ki, "Binə" Ticarət Mərkəzində mülkiyyətin əldə edilməsi və digər məsələlərlə bağlı həyata keçirilən maliyyə əməliyyatlarının qanunvericiliyə uyğunluğu ciddi şəkildə araşdırılmalı, bütün mövcud problemlər öz həllini hüquqi müstəvidə tapmalıdır".

BAXCP müvafiq dövlət qurumlarını "Binə" Ticarət Mərkəzində keçirilən aksiya zamanı ictimai asayişi bərpa etməyə çalışan polis əməkdaşlarına daş atan və bununla da qarşıdurmaya zəmin yaradan təxribaçı qrupla bağlı ciddi araşdırma aparmağa çağırıb: "BAXCP zorakılığı qətiyyətlə pisləyir və hesab edir ki, insanların öz etirazlarını məhz bu şəkildə büruzə vermələrinə zəmin yaradan yaradan şəxslərin fəaliyyəti ciddi şəkildə araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır".

BAXCP hesab edir ki, "Binə" Ticarət Mərkəzində baş verən hadisə zamanı baş vermiş qanın pozuntuları barədə mətbuatda yayımlanmış bütün məlumatlar müvafiq orqanlar tərəfindən dəyərləndirilərək ciddi tədbirlər görülməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə