“Reuters” Agentliyi qərəzli mənbədən bəhrələnib AÇIQLAMA

Gülsel Səfərova: "Biz gənclik olaraq bu tip məlumatların yayılmasına qarşıyıq"
“Reuters” Agentliyi qərəzli mənbədən bəhrələnib AÇIQLAMA

Biz Avrointqerasiya prosesini yayan, Avropa dəyərlərini təbliğ edən gənclər təşkilatı olaraq Qərb ölkələrinin bəzən iftira dolu qərəzli və qeyri-obyektiv, heç bir reallığa söykənməyən bu cür məlumatlarını absurd sayırıq. Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAİT) sədri Gülsel Səfərova "Reuters" Agentliyinin ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanın guya Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Reuters" Agentliyinin Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi ölkələrlə bir araya qoyması, ölkəmizin bu günə kimi beynəlxalq terrorçuluğa qarşı mübarizəsinin, tolerantlığın, sülh və əmin-amanlığın bərqərar olması istiqamətində verdiyi bütün töhvələrin üzərindən xətt çəkməsi deməkdir: "Azərbaycan son illərdə MDB-nin lider dövlətinə çevrilib. Bu tək mənim sözlərim deyil, BMT-nin son insan inkişafı hesabatında yaydığı statistik məlumatdır. Azərbaycan demokratik quruculuğunun tam formalaşdığı bir dönəmdədir və ölkəmiz bu istimqamətdə avrointeqrasiya modelinə üstünlük verir. Dövlətimiz bunu hər dəfə reallaşdırdığı layihələrdə də göstərir və sübut edir. Bu il Azərbaycan üçün çox uğurlu illərdən biri olub. Ölkəımiz mədəni, siyasi, iqtisadi və eyni ilə də İnformasiya texnologiyaları (İKT) sahəsində geniş və dünya miqyasında ən yüksək səviyyəli tədbirlərin həyata keçirilməsi ilə yadda qalıb. Bunu dünya ölkələri, xüsusilə Amerika (ABŞ) və Avropa, eyni zamanda beynəlxalq təşkilatlar da bilir".

G.Səfərova deyib ki, beynəlxalq layihələrdə iştirak etmək üçün indiyənədək ölkəmizə gələn əcnəbi qonaqların heç birinə qarşı nə təzyiqlər olub, nə də onların təhlükəsizliyini qorumağa ehtiyac yaranıb: "Digər bir məsələ isə ondan ibarətdir ki, dünyanın hər bir yerində kriminal durum və mənfi hallar mövcuddur. Biz demirik ki, Azərbaycanın ünvanına mənfi və yaxud qərəzli heç nə deməsinlər. Sadəcə, biz gənclik olaraq onu bildiririk ki, Azərbaycanın uğurlarının, demokratiya istiqamətində verdiyi töhvələrin üstündən heç bir xətt çəkilməsin. Bildiyiniz kimi ABŞ-da son aylarda müxtəlif səpkili terror hadisələri baş verdi. Amma əksinə Azərbaycanda bunların heç biri olmadı. Eləcə də Fransada hər ay müşahidə etdiyimiz kriminal hadisələr barəsində nədənsə heç kim danışmaq istəmir. Azərbaycan Somaliyə yardım edən bir ölkədir. Bununla belə ölkəmiz Əfqanıstanda terror qruplaşmalarına qarşı Amerika və Qərb ölkələri ilə birgə mübarizə aparıb. Bəs, nəyə görə, həmin məlumatlar "Reuters" Agentliyi tərəfindən deyilməyib? Onlar niyə buna bir fikir bildirmirlər? Əgər Azərbaycan xristian dövləti olsaydı bu cür yanaşılacaqdımı? Bu gün Cənubi Qafqazda ən böyük iqtisadi, sosial layihələrin icraçısı kimi Azərbaycan çıxış edir. Burada təbii ki, başqa amillər də mühüm rol oynayır. Buna görə də biz gənclik olaraq bu tipli məlumatların yayılmasına qarşıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə