"Reuters" Agentliyinin ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanın guya Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi barədə məlumat ölkəmizə qarşı dezinformasiya, onun reallıqlarını təhrif etmək, uğurlarını gözdən salmaq cəhdidir.
Son illər erməni lobbisi, onların təsiri altında olan riyakar siyasətçilər, Azərbaycanın uğurlarından qıcıqlanan xarici anti-Azərbaycan qüvvələr və islamofob dairələr ölkəmizə qarşı total informasiya müharibəsi aparırlar.
Onlar "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində ölkəmiz haqqında çoxsaylı yalan məlumatlar yayaraq beynəlxalq ictimai rəyi ölkəmizə qarşı yönəltməyə çalışmışlar.
Xarici dairələrin təhriki ilə müsabiqə ərəfəsində ölkəmizə qarşı demokratiya və insan hüquqları ilə bağlı aparılmış qərəzli kampaniya, Azərbaycanı regionda yeni qarşıdurmalara cəlb etmək planları, guya İsrail-Azərbaycan əlaqələrinin üçüncü dövlətə qarşı istiqamətləndirildiyi barədə cəfəng iddialar məhz bu məqsədlərə xidmət etmişdir.
Növbəti təxribatçı informasiyaların Avropa olimpiya oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ilə bağlılığı şübhəsizdir.
Görəsən Azərbaycanı təhlükəli ölkələr sırasına daxil edənlər hansı kriterilər üzrə qiymətləndirməyə əsasən bu nəticəyə gəlmişlər?
Bu kimi informasiyalar belə təəssürat yaradır ki, ABŞ-ın xarici siyasəti koordinasiya olunmur, müxtəlif daxili qüvvələr, lobbi qrupları öz maraqlarına uyğun istədiklərini edirlər.
ABŞ həmişə ən yüksək səviyyədə özünü Azərbaycanın dostu kimi təqdim etmişdir.
Prezident Barak Obama başda olmaqla əksər ABŞ rəsmiləri, konqresmenlər, senatorlar beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın böyük rol oynadığını xüsusi qeyd etmişlər.
Azərbaycanda uzun illərdir ki, terror hadisəsi törədilməmişdir, ölkə daxilində əcnəbilərin sərbəst hərəkəti üçün hər hansı bir təhlükə yoxdur. Azərbaycan hüquq-mühafizə orqanları baş verə biləcək cinayət hadisələrinin qarşısını alırlar və ölkədə təhlükəli mühit mövcud deyil.
ABŞ başda olmaqla sabit kimi qələmə verilən Qərb ölkələri həqiqətənmi bütün təhlükələrdən sığortalanmışlarmı?
Əgər bu iddiaya inansaq, bu günə kimi Avropada, Amerikada olan terror hadisələrini, insanların qətlə yetirilməsini necə izah etmək olar?
ABŞ-da bir neçə gün əvvəl gənc bir oğlan məktəbə silahla daxil olaraq 20 kiçik yaşlı şagirdi və 6 müəllimi qətlə yetirdi.
62 yaşlı kişi həbsxanadan müvəqqəti icazə alaraq öz evini yandırdı, bacısını alovlar içində qoydu, yardıma gələn yanğınsöndürənlərdən ikisini güllələdi.
Norveçdə Breyvik adlı şəxsin 77 günahsız insanı qətlə yetirməsi nə tez unuduldu?
Avropanın müxtəlif ölkələrində, xüsusilə də, Fransada baş alıb gedən islamofobiya insanların təhlükəsizliyinə risk yaratmırmı?
Almaniyada türklərin qəddarcasına qətlə yetirilməsi, onların başının kəsilməsi faktları bu ölkədə insanların təhlükəsizliyindən cavab verir?
Görəsən bu hadisələrin baş verdiyi ölkələr niyə "təhlükəli ölkələr" siyahısına daxil edilmirlər?
Beynəlxalq terrora qarşı fəal mübarizə aparan Azərbaycanla bağlı ədalətli mövqe ortaya qoymaq əvəzinə, Qərb mediası ölkəmizə qarşı hiddət dolu məlumatlar yayır, olmayan məqamları süni surətdə qabardırlar.
Azərbaycan beynəlxalq terrora qarşı mübarizədə fəal iştirakının əvəzində Qərbin belə "töhfələri"nə layiqdirmi? Bu cür ədalətsiz yanaşma dünyada ədalət anlayışının özünə təhlükə deyilmi?
Bu cür dezinformasiyalar xarici şirkətlərin Azərbaycana gəlməsi, sərmayə yatırması, turistlərin Azərbaycana axınına maneə yaratmağa yönəlmişdir.
Ancaq bunu edənlər unudurlar ki, artıq 20 ilə yaxındır ki, dünyanın bütün böyük şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. İndiyə qədər onların fəaliyyətinə qarşı heç bir təhlükəli hadisə baş verməmişdir.
Azərbaycan son illər çoxsaylı dünya və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmiş, heç bir fors-major halla qarşılaşmamışdır.
Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi statusunu qazanmışdır.
Belə halların qiymətləndirmə kriteriləri konkret faktlara əsaslanmalıdır. Hansı ölkə riskdən sığortalanıb? Əgər riskli bölgə anlayışı baş verə biləcək hadisələrə görə tərtib olunursa, onda gərək dünyanın aparıcı ölkələri ilk növbədə bu siyahıya salınsınlar.
Azərbaycan ən böyük tədbirləri belə yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Siyasi əməkdaşlığa, enerji təhlükəsizliyinə, iqtisadi inteqrasiyaya, dinlərarası dialoqa, idmana həsr edilmiş bu tədbirlər Cənubi Qafqazda yalnız Azərbaycanda uğurla təşkil edilmişdir.
Belə təhdid və dezinformasiyalar heç zaman Azərbaycanı haqq yolundan döndərə bilməz. Primitiv təxribatlarla ölkəmizi gözdən salmaq istəyən qüvvələrə Azərbaycan real işləri, o cümlədən dünya və beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı, təhlükəsizliyi, firavanlığı, dinamik inkişafı ilə cavab verir.
1. Rauf Zeyni – Milli QHT Forumunun prezidenti - 050 241 41 59
2. Rufiz Qonaqov – QHT Əməkdaşlıq Alyansının həmsədri - 050 525 00 10; 055 205 11 10
3. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmaları Fondunun prezidenti - 050 223 29 29
4. Gülsel Səfərova – Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İB-nin sədri – 050 668 40 90
5. Elməddin Behbud – "Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri - 055 788 47 67
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB