“Freedom House”un hesabatı qərəzlidir

“Freedom House”un hesabatı qərəzlidir

Son bir neçə ildə "Freedom House" deyilən beynəlxalq təşkilat Azərbaycanda, eləcə də dünyanın bir sıra ölkələrində söz, insan hüquqları və azadlığı haqqında illik hesabatlar yayır. Təəsüflə qeyd etmək istəyirəm ki, bu cür hesabatlar qərəzli və obyektivlikdən çox uzaqdır. SİA-nın məlumatına görə, bunu Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev "Freedom House" beynəlxalq təşkilatının Azərbaycanla bağlı yaydığı qərəzli hesabata münasibət bildirərkən deyib.

Şura sədrinin sözlərinə görə, bu hesabatlarda Azərbaycan reallığında baş verən hadisələr təhrif olunur və öz əksini tapmır: "Bu bir qrup üzdəniraq ekspertlərin, QHT rəhbərlərinin verdikləri rəylər əsasında dərc olunub. Təşkilatın 2012-ci il hesabatında Azərbaycan azad olmayan ölkələr sırasında göstərilir. Çox təəssüfləndirici haldır ki, həmin beynəlxalq təşkilatın rəhbərliyi Azərbaycandakı hadisələrə dərindən bələd olmadan belə bir hesabat dərc ediblər. Bu təşkilatın qarşısına qoyduğu məqsəd və məramlardan biri söz, eləcə də dünyada insan hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Əlbəttə ki, bu şəxsi, subyektiv fikrin, təxəyyülün məhsuludur".

N.Mehdiyev deyib ki, Azərbaycanda fəaliyyət göstərən gənclər qeyri-hökumət təşkilatları "Freedom House" beynəlxalq təşkilatının 2012-ci il üçün yaydığı hesabatla razılaşmır və bunu subyektiv mülahizələrin nəticəsi kimi qiymətləndirir: "Hesab edirik ki, bu mövqe Azərbaycan haqqında qərəzli mövqedir və müxtəlif beynəlxalq dairələrin, hətta belə fikir var ki, bu hesabat Ermənistan tərəfindən idarə olunan, maliyyələşdirilən müxtəlif lobbi qruplarının fikirlərini əks etdirir. QHT və gənclər təşkilatları olaraq tədbirə toplanan 200-ə qədər ictimai şuranın üzvü ona bəyanatla da çıxış edib. Bu bəyanat həmin beynəlxalq təşkilatın öz ünvanına da göndəriləcək və bizim etirazlarımız orada öz əksini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə