Azərbaycan: Geosiyasi Kimlik

Bu gün Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovla "Azərbaycan: Geosiyasi Kimlik" mövzusunda diskusiya keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açdı.

Rektor tələbələrə bildirib ki, ölkənin inkişafında enerji resurslarının rolu böyükdür: "Bu gün Azərbaycan üçün kadr potensialının inkişaf etdirilməsi qarşıya qoyulan əsas məsələlərdəndir. Ölkəni irəliyə aparacq gənclər eyni zamanda dünyada gedən proseslərdən baş çıxarmalıdır. İxtisaslarınız neft-qaz mühəndisliyi, kimya mühəndisliyidir və dünyanın bugünki həm xarici siyasətində, həm də dünyada gedən proseslərdə neft əsas rola malikdir. Bunun üçün məktəbimiz mütəmadi olaraq hər həftənin şənbə günü belə polemika xarakterli görüşlər təşkil edir. Fikrimcə, tələbələrimiz istirahət günlərini belə səmərəli keçirməlidirlər".

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov çıxış edib. O, bildirib ki, belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir: "Hamımız müstəqil ölkədə yaşayırıq. Azərbaycan çox çətin sınaqlardan müvəffəqiyyətlə çıxıb və məhz bunun nəticəsində bugüki günə gəlib çıxıb. Geosiyasi kimlik? Nə üçün bu vacibdir? İlk növbədə müasir dünyada çox hallanan və istifadə olunan sualdır. Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin siyasəti nəticəsində müxtəlif regionlarda, öz kimliyimizi, müəyyən etdik. Müxtəlif coğrafiyalara istiqamətlənən kimlik kiçik ölkələr üçün təhlükə, güclü ölkələr üçün isə böyük imkanlar qazandırır.Türk dünyasında əsas inteqrasiya təşəbbüsləri Azərbaycan və Türkiyədən gəlir. Son illərdə 50-dən çox üzvü olan İslam Konfransı Təşkilatının böyük tədbirləri məhz Azərbaycanda keçirilib. Avropanın Şərq Tərəfdaşlığı proqramında iştirak edirik. Bu ilin may ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edib. 20 il müstəqillik tarixi olan Azərbaycanın dünyanın ən böyük təşkilatının, ən vacib qurumuna rəhbərlik etməsi ölkənin nüfuzundan xəbər verir. Bu gün Azərbaycan özünün marağında olan qətnamələrin qəbulunu həyata keçirə bilir. Çünki onun səsinə səs verən çoxlu dünya ölkələri var”.

Azərbaycanın Türkiyə ilə böyük nəqliyyat dəhlizi və digər layihələrin həyata keçirilməsi prosesində iştirak etdiyini deyən SAM direktoru Azərbaycanın xarici ölkələrə qoyduğu investisiyaların artmasına da diqqət çəkib: “Bu gün Azərbaycanın xarici ölkələrdəki investisiyasının miqdarı 5 milyard dollardırsa, yaxın 15 ildə bu, 25 milyard olacaq".

Daha sonra tədbir tələbələr mərkəzin direktoruna maraqlandıqları sualları ünvanlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə