Aydın Mirzəzadə: "Rusiyada bəzi siyasi dairələr Azərbaycanın parçalanmasını istəyirlər"
Vaxtaşırı Rusiya ilə Azərbaycan arasında gərgin vəziyyətlərin baş verməsi ilə bağlı fikirlər səsləndirilir. Ancaq bunların heç bir əsası yoxdur. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, istənilən halda hər iki dövlət münasibətlərini sivil yolla həll etməyə və ümumi maraqları tapmağa çalışırlar: "Sərhəddə rus hərbi qüvvələrinin toplanması ilə bağlı son zamanlarda çıxan xəbərlər həqiqəti əks etdirmir. Bunun Azərbaycanla münasibətə heç bir aiddiyyatı yoxdur. Bu Rusiyanın daxili məsələsidir. Bu gün Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan da hər zaman Rusiya ilə xoş müttəfiqlik münasibətləri saxlamağa davam edəcək".
Millət vəkili hesab edir ki, Rusiya rəsmi dairələrinin Azərbaycanda separatizmi dəstəklədiyinə dair fikirlər əsassızdır. "Ancaq Rusiyada müəyyən dairələr Azərbaycanın parçalanmasına, dini və milli zəmində təşkilatların yaranmasında maraqlı ola bilərlər. Ancaq bu qüvvələr unudurlar ki, Azərbaycan artıq dövlətçiliyini və daxili stabilliyini möhkəmləndirib. Heç bir halda onlar daxil proseslərə girərək hər hansı bir qüvvəni Azərbaycan dövlətinə qarşı qaldıra bilməz. Bütün bunlar əbəsidir və Azərbaycan tərəfindən layiqli cavabını alacaq".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB