Xarici qonaqlar Botanika İnstitutunda olub

Xarici qonaqlar Botanika İnstitutunda olub

Böyük Britaniya Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya departamentinin nümayəndə heyəti- MDB ölkələri üzrə nümayəndəliyin rəhbəri Julia Kinghts və bu qurumun əməkdaşı Marina Sokolova, Qərbi Avropa üzrə nümayəndəliyin rəhbəri Kenan Poleo, Türkiyə nümayəndəliyinin əməkdaşı Başak Candemir və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin iqtisadiyyat və energetika üzrə müşaviri Elşən Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda olublar. Qurumdan SİA-ya verilən məlumata görə, görüşdə bu elmi müəssisənin direktoru, professor Validə Əlizadə son illər burada aparılan elmi tədqiqatlardan, əldə olunan nailiyyətlərdən, bir sıra inkişaf etmiş Qərb dövlətlərinin qabaqcıl elm ocaqları ilə birlikdə uğurla həyata keçirilən beynəlxalq layihələrdən, Böyük Britaniyanın Kyu Kral Botanika Bağı ilə əlaqələrdən danışıb.

V.Əlizadə, həmçinin Azərbaycanda botanika elminin müasir səviyyədə inkişafı istiqamətində imzalanmış memorandum və müqavilələr, institutun gənc tədqiqatçılarının müasir tələblərə uyğun hazırlığı barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə institutun növbəti 10 il üçün planlarından söz açılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonra qonaqlar institutda aparılan yenidənqurma işləri, müasir herbari və onun yenilənmiş infrastrukturu ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə