Həsən bəy Zərdabinin xatirəsi yad edildi

Həsən bəy Zərdabinin xatirəsi yad edildi

Bu gün Azərbaycan Mətbuat Şurasında "Əkinçi" qəzetinin yaradıcısı və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anım günü keçirilib. SİA-nın məlumatına görə, anım günündə Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, qəzet redaktorları və ictimai xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq deyib ki, Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olub. Bu mətbu orqanla da milli mətbuatımızın əsası qoyulub. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxmışdır. "Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu. Həsən bəy Zərdabi Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzunu, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi olub".

Ə.Amaşov səbəbkarın gördüyü xeyriyyəçilik işlərindən də danışıb: "Hər bir xalqın mətbuatı onu tanıtdırmaqda mühüm rol oynayır. Azərbaycan mətbuatının banisi isə Həsən bəy Zərdabidir. O, yaşadığı illər ərzində kasıb ailələrin övladlarına dərs deyərək onları savadlandırmaq istəyib və o buna da nail olub".

Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, millət vəkili, o cümlədən ASRP-nin maliyyə dəstəyi ilə işıq üzü görmüş, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin yaradıcılığına və xatirəsinə həsr olunmuş üç kitabın ("Əkinçi – elm və həyat", "Bədəni salamat saxlamaq düsturüləməli", "Təbiət və insan") müəllifi olan Xanhüseyn Kazımlı isə bildirib ki, ölməzləri xatırlatmaq müqəddəs borcumuzdur: " İkincisi, təsadüfi deyil ki, xalqımızın min illər boyu formalaşmış zəngin milli-mənəvi dəyərlər sistemində böyük yaradıcı şəxsiyyətlərin – ədiblərin, alimlərin, filosofların, sənətkarların qoyub getdiyi irs zaman-zaman həyatı dəyişdirib, məmləkətimizi sivil dəyərlərə qovuşdurub. Bu baxımdan böyük maarifçi, materialist alim, milli məfkurə və işıqlı əməllər sahibi Həsən bəy Zərdabinin yaradıcılığı orta əsrlər epoxasından yeni tariximizə keçidin elmi-mədəni tələbatının geniş spektrini özündə əks etdirir".

19-cu əsrin qabaqcıl dünya dəyərlərinə mükəmməl yiyələnmiş Həsən bəy elm və mədəniyyətin bir sıra sahələrində çağdaş fəaliyyət üçün özüllər yaradıb. Azərbaycan professional teatrının, milli mətbuatımızın və yeni tipli məktəblərin binasını qoymaqla H.B.Zərdabi Rusiya imperiyasının əsarəti altına düşmüş xalqımızın milli oyanışına və çox keçmədən istiqlal savaşına qalxmasına həlledici təkan verib", – deyən X.Kazımlının sözlərinə görə, bu insanın ideya və əməllərinin başlıca qaynağı olan elmi-publisistik əsərləri həm tariximizin bu önəmli dövrünü öyrənmək, həm də çağdaş tərəqqi yollarını düzgün seçib ayırmaq baxımından aktualdır.

Tədbirdə digər çıxış edənlər də H.Zərdabi haqqında xoş xatirlərini bölüşüblər. Sonda isə Zərdabi irisinin öyrənilməsində göstərdiyi xidmətlərinə görə, bir qrup şəxsə diplomlar təqdim olunub.

Qeyd edək ki, gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutulub və 1907-ci il noyabr ayının 28-də vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə