Bakıda səfərdə olan Bolqarıstan parlamentinin sədri Tseska Tsaçeva bu gün Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan Bolqarıstan dostluq qrupunun üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, Bolqarıstan parlamentinin nümayəndə heyətini salamlayan Azərbaycan dostluq qrupunun rəhbəri Siyavuş Novruzov bildirib ki, iki ölkə arasında əlaqələr dinamik olaraq inkişaf edir: "Parlamentlər arası əlaqələr də iki tərəfli əməkdaşlığa öz töhvəsini verməkdədir. Bu əlaqələrimiz gələcəkdə də davam edəcək".
Siyavuş Novruzov Bolqarıstan tərəfinə Dağlıq Qarabağ məsələsində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə öz təşəkkürünü bildirib.
Bolqarıstan parlamentinin spikeri vurğulayıb ki, siyasi müstəvidə olduğu kimi parlament müstəvisində də çox fəal əməkdaşlığımız var: "Ancaq bu əlaqələr bizi qane edən səviyyədə deyil. Əlaqələrimizi daha da inkişaf etdirmək və xalqlarımızın bir- birini daha yaxından tanımaq üçün geniş imkanlar mövcuddur. İşgüzar dairələr arasında əlaqələrin inkişaf etdirilməsi xalqlarımızın bir- birini yaxından tanımasına öz töhvəsini verəcək".
İqtisadi əlaqələrdən danışan spiker qeyd edib ki, Azərbaycan enerji resurslarına malik olan ölkədir: "Bolqarıstanın isə özünün enerji təchizatını təmin etmək üçün Azərbaycanın neftinə və qazına böyük ehtiyacı var. Biz bu sahədə çox yaxşı əməkdaşlıq edə bilərik. Düzdür, bu məsələ Bolqarıstan baş nazirinin Azərbaycana səfəri zamanı geniş müzakirə olunub. Biz də parlament olaraq iqtisadi əlaqələrin inkişafı istiqamətində qanunvericilik bazasının yaradılmasında öz töhvəmizi verə bilərik. Bundan sonra da parlamentlərarası əlaqələrimizi bundan sonra da davam etdirməliyik".
Qeyd edək ki, iclasın sonunda Bolqarıstan tərəfi qurumda sədrliyi növbəti 6 ay üçün Azərbaycandan təhvil alacaq. Səfər zamanı Bolqarıstan nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov, Milli Məclisin Azərbaycan-Bolqarıstan dostluq qrupunun üzvləri və baş nazir Artur Rəsizadə ilə görüşlər keçirəcək. Səfər noyabrın 28-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB