Azərbaycanın ilk süni peyki nə vaxt orbitə buraxılacaq?

Azərbaycanın ilk süni peyki nə vaxt orbitə buraxılacaq?

Fransa Azərbaycanla kosmik sənayenin inkişafı sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlıdır

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb. Nazirlikdən bildiriblər ki, Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda aparılan islahatlar, ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı, Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi kimi beynəlxalq layihələr, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib.

Cari ilin noyabrın 6-dan 9-dək Bakıda keçirilmiş VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunduğunu deyən Paskal Mönye fransız şirkətlərinin artıq ikinci dəfə bu beynəlxalq tədbirdə təmsil olunduğunu bildirib. Səfir şirkətlərimiz arasında gələcək investisiya imkanlarının məhz bu platformada dəyərləndirilməsindən daha müsbət nəticələrin gözlənildiyini qeyd edib. O, həmçinin Azərbaycanın ilk süni peykinin Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan 2013-cü ilin fevral ayında "Ariane Space" fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılmasında və geostasionar orbitə çıxarılmasında Fransa şirkətlərinin iştirakından məmnunluğunu bildirib.

Paskal Mönye gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını, aşağı orbitli telekommunikasiya peyklərinin buraxılmasında, Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb.

Görüşdə 2010-cu ildə iki ölkənin müvafiq qurumları arasında imzalanmış sazişə düzəlişlər edilərək növbəti ildə yenidən imzalanması, həmin dövrdə ikinci Fransa-Azərbaycan İKT Forumunun keçirilməsi məsələsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə