"Radikallar özlərinin varlığını təsdiq etmək üçün belə şoulara əl atırlar"
Vüqar Rəhimzadə: "Azərbaycan ərazisinə hər hansı bir ölkənin nümayəndə heyəti səfər edirsə buna Azərbaycan hökumətinin birmənalı razılığı olmalıdır"
Ümumiyyətlə, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa hər hansı bir ölkənin nümayəndə heyəti səfər edirsə, buna Azərbaycanın razılığı olmalıdır. Bu fikirləri SİA-ya açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə bildirib.
Azərbaycan ərazisinə hər hansı bir ölkənin nümayəndə heyəti səfər edirsə buna Azərbaycan hökumətinin birmənalı razılığı olmalıdır. Bununla bağlı rəsmi icazə alınmalıdır: "Birmənalı olaraq Uruqvay parlamenti nümayəndələrinin Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfəri, ərazi bütövlüyümüzü və sərhədlərimizi pozaraq ora daxil olması deməkdir. Uruqvay parlamenti nümayəndələrinin Ermənistandan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməsi bütövlükdə beynəlxalq hüquq-norma prinsiplərinin pozulması deməkdir."
Müxalifətin icazəsiz aksiyaları ilə bağlı sualımızı cavabladıran baş redaktor bildirib ki, bu siyasi qüvvələr özlərinin varlıqlarını təsdiq etmək üçün ucuz şoulara əl atırlar. "Müsavat və AXCP-nın sosial bazası tamamilə tükənib - yox dərəcəsindədir. Onlar varlıqlarını sübut etmək üçün qanun pozuntusuna və icazəsiz aksiyalara əl atırlar. Ancaq ictimaiyyət onların bu addımını qətiyyətlə pisləyir və nifrətlə qarşılayır. Müxalifətə dəfələrlə aksiya keçirməsi üçün müvafiq yerlər ayrılıb. Ancaq onlar ayrılan ərazidə mitinq keçirə bilmirlər, çünki, sosial bazaları yoxdur. Bir neçə nəfərin əhalinin gur olan yerinə toplaşıb özlərini gülünc vəziyyətə qoyması mitinq yox, piket də sayıla bilməz. Hesab edirəm ki, bu tip icazəsiz aksiyalar əhalidə hiddət doğurur. Bu kimi halların qarşısını qanun çərçivəsində qətiyyətlə alınmalı, qanun pozucuları ilə bağlı müvafiq tədbirlər görülməlidir. Çünki onlar insanların yaşayış, istirahət hüquqlarını və şəhərdə asayişi pozmağa cəhd göstərirlər. Digər tərəfdən müxalifətin çağırışlarının hər biri pozuculuq xarakteri daşıyır. Yoxluqlarını var kimi təqdim etmək üçün şoular göstərirlər. Vətəndaşlarımız onların layiqli qiymətlərini veriblər. Bu cür dağıdıcılara və düşüncə sahiblərinə Azərbaycan cəmiyyətində yer ola bilməz. Artıq onlar öz keçmiş qaranlıq əməlləri ilə tarixin arxivindədirlər. Bu gün özlərini radikal müxalifət adlandıranlar bir illik hakimiyyətləri dövründə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirdilər. Hər bir insan o illəri çox yaxşı xatırlayır. Bunlar qadına, qocaya, uşağa zülm edənlərdir. Bu dağıdıcılar öz şəxsi mənafelərini həmişə dövlətin, xalqın maraqlarından üstün tutublar. Onlar bəzi xaricdəki havadarlarının işarəsi ilə oturub dururlar. Amma unudurlar ki, belə hərəkət etməklə siyasi sabitliyi poza bilməzlər. Çünki dövlətimiz çox qüdrətlidir. Azərbaycan bu gün uğurla inkişaf edir. Hesab edirəm ki qüdrətli Azərbaycana belə cılız hərəkətlərlə təsir etmək düşüncəsi ilə
yaşayanlar anormal təfəkkür sahibləridir. Azərbaycanın hər bir vətəndaşı ağı qaradan seçməyi bacarır. Azərbaycanda çox uğurlu siyasət həyata keçirilir. Azərbaycan istər daxili, istərsə də xarici siyasətdə kifayət qədər uğurlara imza atmaqdadır. Bu siyasətin təməlini ulu öndərimiz Heydər Əliyev qoyub. Bu gün də bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir".
Son günlər Rüstəm İbrahimbəyovun sərsəm açıqlamalarına münasibət bildirən baş redaktor onun fikirlərinin absurd olduğunu bildirdi: "Rüstəm İbrahimbəyovun söylədiyi absurd fikirlərdir. İnsanlar görülən real işlərə qiymət verir. Vətəndaşlarımız ölkənin taleyüklü məsələlərində öz səylərini göstərir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən ulu öndər Heydər Əliyev siyasətinə daim dəstək olurlar. R.İbrahimbəyov isə öz şəxsi maraqlarının fonunda sərsəm fikirlər söyləyir. O, bəzi radikal qəzetlərdəki müsahibələrində özü özünü ifşa edib, öz xislətini ortaya qoyub. Çünki R.İbrahimbəyov özünü Azərbaycan cəmiyyətinə torpaq dəllalı kimi tanıdıb. Hər hansı bir yerdən qanunsuz torpaq zəbt etmək, qanunsuz imtiyazlar əldə etmək qanuna ziddir. R.İbrahimbəyova sərf etməyəndə artıq-əskik danışır. R.İbrahimbəyovun qanunsuz varlanmaq həvəsi əbəsdir. R.İbrahimbəyov Azərbaycanın ümumi mənafeyi naminə bir dəfə də olsun müsbət fikir səsləndirməyib. Həmişə anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilib. Ona görə də bu gün o öz xislətini tam olaraq ortaya qoyur. Belələri cəmiyyət tərəfindən nifrətlə qarşılanır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB