Sərraf Hüseynov: “Düşmən mövqelərində böyük çaşqınlıq var” MÜSAHİBƏ

Sərraf Hüseynov: “Düşmən mövqelərində böyük çaşqınlıq var” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynovun "Səs" TV-yə müsahibəsi:

- Sərraf müəllim, bu günlərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi partiyanın Nəsimi Rayon Təşkilatı ilə birgə cəbhə bölgəsində olub, orada xidmət edən əsgər və zabitlərlə görüşüblər. Görüş haqqında təəssüratlarınız necədir?

- YAP Nəsimi Rayon Təşkilat, eləcə də Gənclər Birliyi olaraq biz mütəmadi olaraq əsgərlərlə görüşlər keçiririk. Bu görüşlər həm ön xətdə, həm də arxa xətdə xidmət edən əsgərlərlə olur. Lakin bu görüşümüzün önəmli xüsusiyyəti ondan ibarət idi ki, ən ön xətdə, Tərtər rayonu ərazisində yerləşən, düşmənlə üzbəüz mövqelərdən 80-100 metrlik məsafədə olan postlara qədər getdik. Bu səfərimizin əsas məqsədi Azərbaycan Ordusunun vəziyyəti ilə bağlı idi. Bəzi mətbuat orqanlarında Azərbaycan Ordusunun vəziyyəti ilə bağlı müəyyən dağınıq informasiyalar verirdilər. Niyyətimiz həqiqəti, mövcud vəziyyəti gedib yerində görmək oldu. Əsas məqsədlərimizdən biri də Qurban bayramını əsgərlərlə birlikdə keçirmək idi və qurbanlarımızı əsgərlərimizlə birgə kəsdik. Həmçinin, ön xətdə xidmət edən əsgərlərin vəziyyəti ilə yaxından tanış olduq. Burada çox gözəl şərait yaradıldığının da şahidi olduq.

- Qeyd etdiniz ki, "düşmən dəyirmanına su tökən" bəzi mətbuat orqanlarında milli ordumuzla bağlı əsassız, xoş olmayan informasiyalar yer alır. Siz isə oradakı vəziyyəti öz gözlərinizlə görmüsünüz. Əslində durum necədir?

- Baş qərargahdan başlayaraq ən ön xəttə getdiyimizdə əsgərlərimizin maddi-texniki təminat vəziyyətinə diqqət yetirirdik. Demək olar ki, maddi-texniki təminat səviyyəsi həddindən artıq yüksək səviyyədədir. Cəbhə bölgəsinə uyğun olaraq şəraiti maksimim yüksək səviyyədədir. Həmçinin, yemək, geyim təminatları yüksək səviyyədədir. Geyimləri həm səliqəli, həm də çox təmiz idi. Əsgərlərin özü ilə bu barədə danışdıqda onlar şəraitlərindən heç bir narazılıq etmədilər. Hətta zabit heyətinin onlara münasibətinin də çox yüksək olduğunu qeyd etdilər. 18-19 yaşlı əsgərlərə ən ön xətdə məhz Azərbaycanı müdafiə etməyi həvalə ediblərsə, onun özü əsgərlərə inamın, etibarın göstəricisidir. Həmin əsgərlər də o inam və etimadı doğrultmaqdan ötrü əllərindən gələni edirlər.

Əsgərlərimizlə söhbət zamanı onlarda həqiqətən də yüksək vətənpərvərlik ruhunun şahidi olduq. Onların maddi-texniki təminatından əlavə, müasir silahlarla təmin olunması da diqqətimizdən yayınmadı. Ön xətdə olan bir çox hissələrə baxdıqda orada sevindirici hal ondan ibarət idi ki, Azərbaycan istehsalı olan ən müasir silahlar və həmin silahlarla təchiz olunmuş Azərbaycan ordusu demək olar ki, düşməni çox asanlıqla susdurmaq gücünə malikdir. Düşmən mövqelərində Azərbaycanın "İstiqlal" silahlarının qorxusundan böyük bir çaşqınlıq var. Ön xətdə olan sərhəddə neytral zonaya keçənlər var idi ki, onların orada məhv edildiyinin şahidi olduq. Bu da Azərbaycan Ordusunun gücünün göstəricisidir.

- Əsgərlərin psixoloji durumu necə idi? Ümumiyyətlə, keçirdiyiniz görüşlər onların əhval-ruhiyyəsinə necə təsir göstərir?

- Orada xidmət edən zabitlər çox mükəmməl təhsil alan kadrlardır. Əksəriyyəti Türkiyədə təhsil alıblar. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirən zabitlər əsgərlərə həqiqətən də valideyn qayğısı göstərirlər. Həmin qayğı nəticəsində əsgərlərdə yüksək ruh formalaşıb. Həm çəkilişdə, həm qrup halında müxtəlif söhbətlər oldu ki, onlar həqiqətən düşmənin özlərindən qat-qat zəif olduqlarını tam əminliklə bilirlər. Müşahidə edərək gördük ki, biz əlimizdə silah vətənin müdafiəsinə qalxmağa və işğal altında olan torpaqlarımızı azad etməyə hazırıq. Arxa xətdə olan, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edən gənclərdən gözlədikləri əsas mənəvi dəstəkdir. Bu görüşlərimizi mütəmadi keçirmək niyyətindəyik. Həmçinin qeyd edim ki, "anonim məktub" layihəsinə start vermişik. Bir çox universitetlərdə, orta məktəblərin yuxarı siniflərində təhsil alan uşaqlar arasında əsgər qardaşlarına, əsgər qonşularına və ya əsgər qohumuna anonim məktublar hazırlayıb onları əsgərlərimizə paylayacağıq. Bu məktublarda onlara verilən ruh, inam, etibar onların xidmət səviyyəsini daha da yüksəldəcək.

Aydan Xanlarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə