Müxalifətin “Yol xəritəsi”nə ehtiyacı var

Zahid Oruc: “Müxalif liderlik real məna kəsb etmir və xalqdan kənarda mövcud olan virtual səlahiyyətlərdir”
Müxalifətin “Yol xəritəsi”nə ehtiyacı var

İctimai Palatadakı son istefalar bu qurumun dəqiq prinsiplər üzərində formalaşmadığını, idarəçilikdəki qeyri-demokratik tendensiyaları və bədbin perspekti, gerçəkliyi özündə əks etdirir. SİA-nın xəbərinə görə, bunu Millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, alternativ hakimiyyət komandası iddiası ilə meydana çıxanların dövlət və millət həyatındakı iştirakı sistemsiz bəyanatlar və mitinqlərin təşkili üzrə qərargah fəailiyyətindən başqa bir iş olmadı: "Ölkənin siyasi və iqtisadi gələcəyinə dair fərqli gündəm yaradacaqlarını bəyan edən bu insanlar yalnız məhəlli miqyasa malik olan təhlilləri və ənənəvi intriqaları ilə diqqəti cəlb etdilər. Aparıcı ideya və siyasi təşəbbüslərdən məhrum olan istənilən təsisat heç bir cazibədar adlar və vədlərlə milli düşüncədə yaşaya bilməz. Üstəlik, İctimai Palataya daxili olanların təmsilçiliyi və statusu onu deməyə əsas verirdi ki, xalqın bütün təbəqələrinin ehtiyac və mənafelərini deyil, yalnız ora daxil olaraq müxalifətin liderinə çevrilmək istəyənlərin dayaq dəstəsinə, təsir qrupuna və zərbə qüvvəsinə çevrilmək durumu uzunmüddətli siyasi gələcək yaratmır. Məhz buna görə də ictimai fikirdə və kütləvi şüurda yaşarlılıq qazanılmadı və siyasi həyatın müəyyənləşməsində həlledicilik, müstəsnalıq əldə etmək mümkün olmadı. Bu o deməkdir ki, müxalif liderlik real məna kəsb etmir və xalqdan kənarda mövcud olan virtual səlahiyyətlərdir. Beynəlxalq təşkilat və səfirliklərin inteqrasiya etməyə çalışdıqları antihakimiyyət düşərgəsini belə qüvvələrdən təşkil etmək və onları hazır təlimatlarla idarə etmək qeyri-mümkündür. Daxili intriqaları hakimiyyətlə mübarizəyə görə dondurmaq xətti müəyyən müddət mümkün olsa da, göründüyü kimi fərqli şəraitlərdə tam miqyası ilə ortalığa çıxır. İctimai Palatanın demokratiya səhnəsi kimi təqdim etdiyi proseslər keçmişdə özünü göstərən ziddiyətlərin bir partiya içərisindən çıxıb bu quruma daşınması demək idi. Dəqiq hədəflərə və konkret mübarizə prinsiplərinə malik olmayan bir təşkilat millətin gələcəyinə yönəlik deyil, özünün siyasi sabahına dair "Yol xəritəsi"nə ehtiyacı vardır".

Millət vəkili hesab edir ki, sosiallaşa bilməyən və insanların əqli düşüncəsində özünə yer tutmayan bir təşkilat vahidini öz adı ilə deyil, gerçək vəziyyəti ilə qiymətləndirsək, deməliyik ki, xalqsız Cəbhə nədirsə, ictimaiyyətsiz Palata da odur: "Virtual məkandakı narazı qruplar və şəbəkə elektoratı müxalif hərakatın üzvləri sayıla bilməzlər və iqtidarın sosial-iqtisadi fəaliyyəti fonunda onlar mütəhərrik olaraq mövqelərini dəyişirlər. Başqa bir amil-bir siyasi mərkəz kimi Palatanı beynəlxalq sövdələşməyə də çıxarmaq mümkün olmadı. İlk vaxtlar bir neçə diplomatın Müsavatın qərargahını ziyarət etməsi ilə yaranan canlanma "Avroviziya" sonrası sönməyə başladı. Qərb xaosa xidmət edəcək planlara investisiya qoymaq istəmədi. Bu qarışıq təfəkkürü və davakar mühiti özündə əks etdirən Palatanın qeyri-müəyyənlikdən qurtarması üçün onu ya Cəbhənin, ya da Müsavatın palatasına çevirmək həqiqi bir təyinata sahib etmək deməkdir. Fərdi şəxslər kimi ora daxil olanlar üzərində lordlar palatasına çevrilmiş partiya təmsilçilərinin nəhayət ki, üstün hüquq və səlahiyyətləri başa çatar,faktiki ikipalatalılığa-plebeylərlə patrisiyalıların mübarizəsinə son qoyulardı".

Bütün xəbərlər Facebook səhifəmizdə