Politoloqdan müxalifət liderlərinə sərt ismarıc

Politoloqdan müxalifət liderlərinə sərt ismarıc

Cümşüd Nuriyev: "Qul psixologiyalı müxalifət liderlərinin müstəqilliyi dərk etmələri üçün özlərində olan psixoloji baryeri aşmalıdırlar"

"Müstəqilliyə gedən yolda Azərbaycan xalqını dünyada gedən hadisələrdə aparıcı siyasi qüvvəyə çevrilməyə məcbur etdilər. Ermənistanda yaşayan azərbaycanlıların dədə-baba yerlərindən sıxışdırılıb çıxarılması, etnik təmizləmə prosesinin başlanması və Dağlıq Qarabağın 19 fevralda Ermənistana birləşdirilməsi qərarı istər-istəməz bu hadisələrin əvvəlcədən hazırlandığını birmənalı şəkildə ortaya qoymuşdu. Yəni burada Azərbaycan xalqının rolunu danmaq mümkün deyil. Amma eyni zamanda demək olmaz ki, hər şeyi yalnız Azərbaycan xalqı edib. Guya SSRİ-ni biz dağıtmışıq, əslində belə bir şey yoxdur". SİA-nın xəbərinə görə, bunu politoloq Cümşüd Nuriyev "Səs" qəzetinin redaksiyasında Müstəqillik Günü ilə bağlı keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasının qarşısını almaqdan ötrü edilən son çağırışların biri də o idi ki, mart ayının 17-də ittifaqın qalması ilə bağlı referendum keçirilsin və həmin qərar layihəsi Ali Sovetdə müzakirə olundu. Həmin vaxt 360 deputatın 340-nın iclasda iştirak etdiyini deyən C.Nuriyev qeyd edib ki, cəmi 43 deputat müstəqilliyə "hə" deyib, onların içərisində iqtidarda olan cəmi 5 nəfər idi.

"Onlardan birincisi Heydər Əliyev idi. Mən də o qərar layihəsinin əleyhinə səs verdim və sonradan bunun cəzasını çəkdim. Mərkəzi Komitə belə bir qərar verdi ki, guya Azərbaycan SSRİ-nin tərkibində qalsa, Dağlıq Qarabağda hansısa bir dönüş olacaq, amma Ermənistan çıxmağa qərar verdi. Hadisələrin gedişi isə göstərdi ki, Ermənistan daha düzgün qərar verib. Çünki onlar hazırda işğalçı statusu ilə belə bizdən siyasi cəhətdən bir qədər qabaqdadır. Yəni Azərbaycanın o vaxtkı siyasi elitasının düşüncə tərzi müstəqillikdən çox uzaq idi. Onlar 70 il kommunistlərin tərkibində qaldıqlarına görə, qul psixologiyasından çıxa bilmirdilər", - deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, amma 21 illik müstəqilliyini qeyd edən Azərbaycanın özündə başqa dövlətlərin qulu statusunda çıxış edən kifayət qədər müxalifət liderləri, eləcə də qeyri-hökumət təşkilatlarının sədrləri var. O bildirib ki, onların hələ müstəqilliyi dərk etməsi üçün özlərində olan psixoloji baryeri keçməlidirlər. O vaxtı o addımı atanların hamısı düşünüb atıblar.

C.Nuriyev vurğulayıb ki, Azərbaycanın müstəqilliyini ələ etməsi təkcə bir müsəlman, türk dövlətinin uğuru deyil, eyni zamanda Azərbaycanın Qərbə açılışı idi: "Bu 21 il ərzində bütün müsəlman dövlətləri içərisində Qərbə ən çox inteqrasiya edən Azərbaycan olub. Eyni vaxtda bizimlə birgə müstəqillik əldə edən Orta Asiya dövlətləri bizim qədər uğur qazana bilməyib. Onların həm iqtisadi, həm də siyasi resursları bizdən çoxdur. Eyni zamanda əhalisinə, ərazisinə görə Azərbaycandan dəfələrlə böyükdür. Bütün bunların fonunda Azərbaycanda müstəqilliyin qorunmasında və bu günə gətirilməsində Heydər Əliyevin rolu müstəsnadır. Ola bilər kimsə buna qısqanclıqla yanaşsın, amma bu bir həqiqətdir. Başqa bir həqiqət də var ki, həmin müstəqilliyin dönməzliyini son 9 ildə İlham Əliyev təmin edir. Burada parlament bilavasitə vasitəçi rol oynayır. Qaldı ki, qanunvericilik bazasına, yalnız müstəqillik dövründə Azərbaycanın mindən çox yeni qanunu qəbul olunub. Bu dəqiqə bizim qanunvericilik bazası mükəmməlliyinə görə MDB-nin digər dövlətlərindən çox qabaqdayıq. Azərbaycanın hazırkı qanunvericilik bazası Avropa standartları səviyyəsindədir. Sözsüz ki, burada Milli Məclisin müstəsna rolu var".

Bütün xəbərlər Facebook səhifəmizdə