“Sadəcə nəfslərindən əl çəkə bilmirlər”

“Sadəcə nəfslərindən əl çəkə bilmirlər”

Elşən Musayev: "Elşad Abdulayev "dünyanın düz vaxtı" bunların mətbuat səhifələrində bəlkə 10 ildə bir dəfə də görünməyib"

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir

- Elşən müəllim, son vaxtlar dağıdıcı müxalifət populist bəyanatlarla çıxış edir, kücələrə çıxıb aksiyalar keçirəcəkləri fikirlərini səsləndirirlər. Bunu onların düşdükləri depresiyadan çıxmaq cəhdi kimi qiymətləndirmək olarmı?

- İlk öncə onu qeyd edim ki, siyasi müxalifətin bu gün Azərbaycan siyasətində həmin haqqında danışdığınız "Son" dan başqa heç nəyi qalmayıb. Durumları da sondur, əməlləri də sondur, uğurları da sondur. Qısaca hər şeyləri. Dediyim kimi, tam tükəniblər və inanın ki bundan bir az daha o tərəfəsi yoxdur. Amma həmin düşərgənin özündə çox ciddi pərdəarxası oyunlar getdiyi də bir başqa həqiqətdir.. Məsələn, bu təbəqənin bir hissəsi son dərəcə hiyləgərdir və fərqindədir ki, siyasi perspektiv-filan yoxdur, elə qeyd olunan səbəbdən də reallığa söykənərək bütün gücü seçkidən-seçkiyə, mitinqdən-mitinqə qrant qazanmağa yönəldiblər. Digər təbəqə isə kamikadze ruhunda təlimatlandırılan, böyüdülən zavallı insanlardır. Hər mitinqdə, qanunsuz aksiyalarda, sanki hər şey bunların boynuna biçilibmiş kimi ortalığa düşürlər. Sonları da əksər hallarda ya həbs olur, ya da hansısa uğursuz bir zolaq. Çünki onları buna inandıranlar var. Onların beynini "yeyənlər" var. O fantaziyaların ssenaristləri var. Yazdığım köşələrin birində də vurğulamışdım ki, AXCP-nin sıradan bir iclasında Əli Kərimlini dinləyən partiya üzvü bir anlıq nağıllar dünyasına qapılıb, özünü yaxın perspektivin ən yüksək mövqeyində, vəzifə pilləsində görə bilər. Fəqət, sadəcə iclas bitənə qədər! Və…vay o günə ki, həmin gipnozdan ayılma gec baş verə, bax dəhşət də o zaman başlayır. İnsani bitənə, tükənənə, məhv olana qədər istismar edərlər. Necə ki, bu zamana qədər ediblər. Amma mənim üçün çox maraqlı olan bir nüans da var ki, siyasətlə məşğul olan birinin reallıq hissi görəsən hansı həddə qədər tükənməlidir o Əlinin, İsanın yanında olsun?. Axı adamların yüzdə bir nisbətdə belə, hakimiyyət şansı yoxdur. İllər boyu pul qazanmağa, alıb-satmağa başları necə qarışıbsa iqtidarın qarşısına çıxarmaq üçün zamanında kadr potensialı hazırlamağı da unudublar. Ətraflarındakılar da göz qabağındadır. Onlarla xalqın səsini almaqmı olar? Hər hansı bir seçkini udmaqmı olar? Və ya, min dəfə iraq olsun deyərək nəzəri cəhətdən düşünək ki, dünyanın üzü o yana çönüb və bunlar hakimiyyətə gəlib. O zaman sual edirəm, bu ölkədə görəsən neçə nəfər tapılar ki, misal üçün Razi Nurullayevi baş nazir postunda təsəvvür edə bilsin? Ya da qulaqlarımızı çəkib, "kiş-kiş"lər deyib fərz edək ki, Seymur Həzi rabitə və informasiya naziridir. Göydən yerə daş ələnməzmi? Dünyanın sonu gəlməzmi? Vallah-billah gələr! Hələ o yana da keçər. Yəni dediym odur ki, Azərbaycanın radikal müxalifəti ilə bağlı hətta ən fantastik ehtimallar da ciddi qarşılanmır. Səbəbkarsa sadəcə özləridir. Ən yaxın çevrələrindəki insanlarla səmimi olmağı bacarmayan biriləri xalqa səmimiyyət dərsi keçə bilməz. Bu da siyasətin yazılmayan qanunudur.

- 2013-cu il prezident seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində qarşılıqlı ittihamlarda dərinləşir. Sizcə dağıdıcı müxalifətin dağınıq və pərakəndə halda seçkiyə getməsi indididən onların əvvəlki seçkilərdə olduğu kimi acınacaqlı məğlubiyyətlə üzləşəcəklərindən xəbər vermir ki?

- İsa Qəmbərin 2000-ci ildə parlament seçkiləri öncəsi Əli Kərimlini 5 qəpiyə satib Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi qanadı AXCP kimi tanıması faktdır və tarixin arxivində qalır. Özünə müttəfiq deyən, bu adam əlindəki bıçağı ilk fürsətdəcə Əli Kərimlinin böyrünə "ustalıqla"sancmağı bacardı. Onu hətta elə bir duruma saldı ki, AXCP sədri öz siyasi varlığını qorumaq üçün Etibar Məmmədova sığınıb, onun diqtə elədiyi bütün qeyri-rəsmi şərtləri, oyun qaydalarını qəbul etmək məcburiyyətində qaldı. İsa Qəmbərin müxalifət mediasına verdiyi müsahibədə söyləmiş olduğu bir fikir hələ də xatirimdədir: "Mən Əli Kərimli adda siyasətçi tanımıram". Amma adamın üstündə Allah var, Kərimli də cavabı çox gözlətməmişdi: "Tanış olarıq"!

İndi bunlarmı danışır səmimi birlikdən? Bu həddə qədər konflikt yaşamış biriləri utanmadan,yaxın keçmişi yaddaşlardan silərək cəmiyyəti,siyasi elektoratı özlərinin hansı həqiqətlərinə inandırmağa çalışırlar görəsən? Məncə az-çox siyasi təfəkkürü formalaşmış birinə artıq gün kimi aydındır ki, radikal müxalifətin liderləri hakimiyyət sevdasından çoxdan əl çəkiblər. Sadəcə nəfslərindən əl çəkə bilmirlər. Pula-paraya sevgisindən, insanları zaman-zaman istifadə etmənin verdiyi zövqdən əl çəkə bilmirlər. Bü səbəbdən bütün güclərini o istiqamətdə səfərbər ediblər ki, müxalifəti monopoliyada saxlaya bilsinlər. Elə, Müsavatda başqan seçkisini nəzərdə tutan qurultayın gecikdirilməsi, Əli Kərimlinin bütün iddialı müavinlərini bir anın içində partiyadan çıxdaş edib yerlərinə bir işə yaramayan, tamamən istadadsız birilərini gətirməsi də bu planın tərkib hissəsi və dediklərimin bariz sübutdur.

Bu düşərgənin bütün fərdləri bir-birini zaman-zaman parlamentə getməkdə, iqtidara işləməkdə suçlayıb satqın adlandırıblar. Bir vaxtlar öndər, lider dedikləri Elçibəyə etdikləri xəyanətlərin sayı-hesabı yoxdur. Elə Milli Məclisə son seçkidən öncə dedilər birləşirik, sonra söhbətin içindən ehmalca sivrilib çıxdılar. İnkar edə bilərlərmi bunu? İnkar etsələr mətbuata verdikləri palaz-palaz müsahibələri, vədləri neyləyəcəklər bəs? Hanı Müsavatın qurultayı? Niyə keçirmirlər? Ya da Elçibəyin təyin etdiyi müavinlərdən niyə heç biri AXCP sıralarında qalmayıb? 8-indən barı biri?! Onların hamısına naşı, satqın demək olmaz axı. Yox əgər deyilsə, o zaman Elçibəyin özünün zəkası, liderliyi şühbə altına alınar. Və ya digər məsələ: Bunların bizlərə qarşı sərgilədikləri misilsiz aqressiya və bu millətə qarşı duyduqları nifrət hissi! Bizlərə-daha güclü olduğumuz üçün, millətə isə onlari 20 ildir müxalifətdə saxladıqları üçün!

Amma beynəlxalq təşkilatlar, qurumlar qarşısında hansı mələk libası geyinilir, bir də ondan danışmaq gərək. Sonuc olaraq da elə görünür ki, sanki bunlar dünyanın ən fağır məxluqları, bizsə ən sərtləri imişik...

- Seçkidə uğur qazanmaq üçün əsas faktorlardan biri sosial bazanın olmasıdır. Dağıdıcı müxalifət isə bu eloktratdan məhrum...

- Bunların bazası da, bazarı da çoxdan ölüb. Ruh kimidilər. Gördüyünüz kimi də, virtual aləmdən, yazışmalardan, fikir bildirmədən o yana keçə bilmirlər. Bunun da obyektiv və subyektiv səbəblərini yuxarıda sadaladım. Siyasətdə hər proses adekvatdır. Millətə, xalqa hansı münasibəti sərgiləyirsənsə, eynisini də qarşılıq olaraq alırsan və ya görürsən. Son illərin bütün seçkiləri də kimin kim olduğunun aydın göstəricisi olub.

- Elşad Abdullayev və Gülər Əhmədova arasında olan məlum video görüntüləri bir sıra qüvvələr siyasiləşdirməyə və dövlətlə əlaqələndirməyə cəhdlər edirlər. Bu cəhdlərin və video görüntünün ictimailəşməsinin arxasında xarici amillərin dayandığını qeyd edənlərdə var. Necə düşünürsünüz, daxili və xarici qüvvələrin bu məsələdə marağı nədən ibarət ola bilər?

- Əlbətdə siyasiləşdirəcəklər. Bazarda yumurtanın 3 qəpiklik artımını siyasiləşdirmək istedadı olan qüvvə, bu məsələdən də öz maraqları üçün niyə yararlanmasın ki?! Əgər fikir vermisinizsə, həmin destruktiv qüvvələrin hamısında qəfildən Elşad Abdullayev sevgisi peyda olub. Onu cidd-cəhdlə müdafiəyə qalxıblar. Niyə?- Çünki bu gün öz maraqları həndəvərindədir. Və mən əminəm ki, həmin Elşad Abdulayev "dünyanın düz vaxtı" bunların mətbuat səhifələrində bəlkə 10 ildə bir dəfə də görünməyib. Ya da görünə bilməyib. Bu isə o məntiqi yürütməyə əsas verir ki, həmin məlum qüvvələr üçün bir meyar və predimet olaraq ədalət, kiməsə rəğbət və ya həqiqət deyil, sırf öz prinsipləri və bayaq qeyd etdiyim maraqları daha öndə gəlir.

Məlum faktla bağlı cinayəti işi qaldırılıb. Yəni məsələ sırf hüquqi müstəvidə araşdırılır. Azərbaycan qanunvericiliyinə uyğun da yekun nəticə hasil olacaq. O ki qala mahiyyətin kontekstdən çıxarılaraq siyasiləşdirilmə cəhdinə, məncə hətta bu məsələdə də siyasi müxalifətimiz yubanıb. Hər şeydə olduğu kimi. Çünki, məkrin, hiylənin, yalnışlığın, öz marağına xaincəsinə işləməyin özünün də bir intibah, qızıl dövrü olur. Bundan sonra neyləsələr də xeyri yoxdur. Azərbaycan hüquqi dövlət anlayışını ön prioritetlərdən biri kimi önə çıxaran ölkədir. Kimliyindən və statusundan da asılı olmayaraq hər kəs hüququn ən ali prinsiplərindən olan fərdi məsuliyyət cavabdehliyini daşıyır.

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə