Azərbaycan təyyarələri vurmayacaq

Rasim Musabəyov: “Ermənilər təyyarələrdən sınaq uçuşları təşkil etmək fikrindədirlər”

"Azərbaycan tərəfi suverən hüquqlarından istifadə edərək həmin uçuşların Xankəndində rəsmiləşdirilməsinin qarşısını tamamilə ala bilər". Bunu SİA-ya açıqlamasında Millət vəkili Rasim Musabəyov deyib. Onun sözlərinə görə, bunlar sadəcə olaraq Azərbaycan dövlətinin qıcıqlandırılmasına yönəlmiş addımdır: "Hesab edirəm ki, Azərbaycan Ermənistan tərəfindən havaya qaldırılan mülki təyyarələrin heç birini vurmayacaq. Bu dünya təcrübəsində də qəbul olunmuş prosesdir. Ermənilər təyyarələrdən öncə sınaq uçuşları təşkil etmək fikrindədirlər. Azərbaycan dövləti burada yalnız texniki maneələrlə uçuşların havaya qalxmasına əngəl törədə bilər".

Millət vəkilinin fikrincə, onların əsas istəyi bu kimi məsələlərə dünyanın qarışmasını təmin etməkdir: "İnanıram ki, biz buna yol verməyəcəyik. Türkiyənin özü də açıq şəkildə bəyan edib ki, münaqişə həll edilmədən Ermənistanla sərhədlər açıla bilməz. Bu, Azərbaycanın tutduğu mövqeyə dəstəkdir. Hazırda 100 minlərlə erməni Ermənistanı tərk edib. Tək Dağlıq Qarabağın özündə bu qədər əhali qalmayıb. Hər il bunlar bu qədər insan itərəcəklərsə çox qısa bir zaman kəsiyində hansı aqibətlə qarşılaşacaqlarını dərk edəcəklər".

R.Musabəyov bildirdi ki, həmin aeroport heç də mülki əhali və əlaqələr üçün deyil: "Məsafə olduqca qısadır və beləcə reyslər olduqca sərfəlidir. Heç də uzağa getmək lazım deyil. İrəvanla Tiflis arasında məsafə təxminən eynidir. Ancaq bu vaxta kimi İrəvanla Tiflis arasında heç bir təyyarə uçmur. Halbuki ora gedən və gələn insanların sayı xeyli çoxdur. Bununla belə, həmin uçuşlar iqtisadi cəhətdən də səmərəli deyil. Misal üçün təyyarə havaya qalxan kimi dərhal yerə enməli olur. Burada əsas məqsəd ondan ibarətdir ki, hər hansı hərbi münaqişə baş versə, döyüş üçün lazım olan hərbi texnika tezliklə çatdırılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə