XİN sözçüsü sərt danışdı

"Ramil Səfərovun azadlığa buraxılmasından sonra ernmənilərin başladığı kampaniya daxili sabitliyə istiqamətlənib. Erməni hökümətinin həyasızcasına anti-Azərbaycan təbliğatı erməni cəmiyyətinin sakitləşdirilməsi üçün yaradılan şoudur".

Bu fikirləri eksklüziv olaraq SİA-nın bölgə müxbirinə Gəncəyə səfəri çərçivəsində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin artıq təhdidə keçməsi təhlükəli vəziyyət yaradıb. Xüsusən "ASALA" terror təşkilatının diplomatlarımızı ölümlə hədələməsi bir daha Ermənistan prezidentinin və onun havadarlarının terrora dəstək verdiklərinin nümunəsidir.

Bəzi dövlətlərin yaranan vəziyyətə dair fikir bildirmələrinə gəlincə Xarici İşlər Nazirliyinin sözçüsü erməni terrorçularının Amerika başda olmaqla bir sıra demokratiyanı təbliğ edən dövlətlərdə heykəllərinin qurulmasını misal çəkib: "Türkiyə dövlətinin diplomatlarını qətlə yetirən terrorçu ABŞ-da əfv edilib. Bundan əlavə Tələt Paşanı qətlə yetirən digər bir erməniyə isə Kaliforniya şəhərində heykəl qurulub".

Dağlıq Qarabağ məsələsinə də fikir bildirən Elman Abdullayev danışıqların davam etdiyini, buna baxmayaraq düşmən ölkənin qeyri-konstruktiv mövqeyi nəticəsində sülh razılaşması əldə oluna bilmədiyini sözlərinə əlavə edib: "Azərbaycan hakimiyyəti münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupundan daha effektli nəticə gözləyir. Faktı fakt kimi qiymətləndirmək lazımdır. Ermənistan bizim torpaqlarımızı işğal edib və bu faktdır, üstəlik dünya dövlətləri tərəfindən tanınır".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə