İşğala yumulan göz Qurqendə açıldı

Minsk qrupu Ramil Səfərovun əfv edilməsinə pis reaksiya verdi
İşğala yumulan göz Qurqendə açıldı

... Yaxud oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri artıq 20 ildir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə başlanmış münaqişənin həll olunması görüntüsü yaratmaq üçün regiona ayaq döyürlər. Hamının üzündə bir sual dolaşır: görəsən bu üç nəfər yorulmadılarmı, usanmadılarmı. Amma hadisələrin gedişi də sübut edir ki, sən demə bu sətirlərin müəllifi qarışıq əksəriyyətimiz son dərəcə sadəlöhv görünürmüşük.

Sovet hakimiyyətinin son nəfəsində Rusiyanın Dağlıq Qarabağda münaqişə ocağı yaradanda da, Arkadi Volskinin rəhbərliyi altında Dağlıq Qarabağda qondarma qurumun toxumunu əkəndə də, Avropa İttifaqı, ABŞ və Rusiyanın diqtəsi ilə 12 dövlətin bir yerə toplaşıb Minsk qrupu yaradılanda da, məhz yeni yaranmış beynəlxalq qurumun dəstəyi ilə işğalçıların Azərbaycanın əzəli torpaqlarında yeni erməni dövləti yaratmağa cəhd edəndə də bütün bunların "əşi düzələr" deyib üstündən keçdik. Kürsü davasına başımız o qədər qarışdı ki, Xocalı qətliamını törədən erməniləri bir kənara qoyub özümüzü ittiham etməyə başladıq. Erməniztanın indiki prezidenti Sarkisyanın rəhbərliyi altında Xocalı soyqırımı baş verdi, biz isə bu caninin prezident olmasına qarşı dünya miqyasında etiraz dalğası başlatmadıq, onu Azərbaycan prezidenti ilə bir masada əyləşdirən Rusiyanı etirazlarımızla silkələmədik. Nəticəsi də bu oldu ki, torpaqlarımızı işğal edən, milyondan çox vətəndaşımızı öz elindən, obasından didərgin salan, Azərbaycan vətəndaşlarına, dövlətimizə, təbiətimizə 60-70 milyard avro ziyan vuran bir ölkə bu gün tumanını başına çevirib, həyasızlıq edir. Hətta elə bağırır ki, 21 il Dağlıq Qarabağ münaqişəsinin həllinə "çalışan" Minsk qrupunun həmsədr dövlətləri də işğal faktını unudublar. Bayrağımızı təhqir edən Qurqen Markaryanı qətlə yetirdiyinə görə, Macarıstanda həbs edilən və Azərbaycana ekstradasiya edilərək prezidentimiz tərəfindən əfv edilən Ramil Səfərovun azadlığa qovuşmasına özünəməxsus tərzdə reaksiya verməsi Sarkisyanın adını çəkdiyimiz üç dövlətin nəyi olduğunu üzə çıxarır.

Məsələ burasındadır ki, bütün dünya bizim bir məqaləyə sığışdırmaq istədiyimiz faktları əzbər bilir. Amma reaksiyası, münaqişəni həll etmək istəyi başqadır. Bir sözlə Qərb dünyası Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyi ağlına belə gətirmir. Budur, Azərbaycana yeni təzyiq mövzusu tapıblar. Bu dəfə Fransaya qaça-qaça gediblər, təcili toplaşıblar və Ramil Səfərov "problemini" bizim gözümüzə soxmağa çalışırlar ki, baxın, yazıq Ermənistan sülhə yaxın gəlmək istəyir, amma siz...

Bəli, Robert Bradtke, İqor Popov və Jak For, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, sonra isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşlərdə məqsəd regiondakı son hadisələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri müzakirə etmək olub. Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə avqustun 31-də Azərbaycan hakimiyyətınin 2004-cü ildə Budapeştdə erməni zabiti qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan zabiti Ramil Səfərovu əfv etmək barədə qərarını müzakirə ediblər. Onlar Səfərovun əfv edilməsinin sülh prosesinə və tərəflər arasında etimada zərbə vura biləcəyindən və cinayətə haqq qazandırılması cəhdlərindən dərin narahatlıqlarını və təəssüflərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə