Həmid Pənahov: “YAP Qazax rayon təşkilatının hazırda 5908 nəfər üzvü var”

Həmid Pənahov: “YAP Qazax rayon təşkilatının hazırda 5908 nəfər üzvü var”
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının hal-hazırda 5908 nəfər üzvü var. Onun da 2457 nəfərini (41 faizini) məhz gənclər təşkil edir. Bunu SİA-ya açıqlamasında YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov deyib. Onun sözlərinə görə, 2012-ci ilin 6 ayı ərzində 364 nəfər gənc YAP-ın sıralarına üzv qəbul olunub. Bu il gənclərin aktivliyi daha çox müşahidə olunub:


"Ötən il 4 dəfə rayon üzrə gənclərin toplantısı təşkil olunub. Bununla belə gənclərlə YAP fəallarının görüşləri keçirilib. Onlar həmin bu toplantılar vasitəsilə ölkədə gedən proseslərə, qazanılan uğurlara öz münasibətlərini bildirirlər.

Biz partiya sıralarını gənclərlə artırmaq istəyirik. Qadınların rolu da burada 56 faiz təşkil edir ki, bu da onların ölkəmizin ictimai-siyasi həyatında tutduğu mövqedən xəbər verir".


H.Pənahov deyib ki, başlıca məqsəd xalqın iqtidara, indiki Azərbaycan hakimiyyətinə inamını daha da artırmaq və dövlətimizin gördüyü işləri onların diqqətinə çatdırmaqdır:


"YAP Qazax rayon təşkilatı da bu işləri layiqincə yerinə yetirir. Mütəmadi olaraq adı çəkilən təşkilat yerlərdə iclaslar keçirir, rayon səviyyəsində tədbirlər təşkil edir və YAP-ın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətini rayon əhalisinə bu və ya digər formada çatdırır. Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı respublikamızın hər bir yerində olduğu kimi Qazax rayonunda da idman, bilik yarışları keçirilib, şahmat turnirləri təşkil olunub. Burada da qalib gələn şəxslərə pul mükafatları, qiymətli hədiyyələr təqdim olunub".


YAP Qazax rayon təşkilatının sədri həmçinin seçkilərdə qazanılan uğurlara da toxunub:


"YAP Qazax rayon təşkilatı seçkilərdə xüsusi fəallığı ilə seçilib və nəticələri hər zaman yüksək olub. İstər bələdiyyə, parlament, referendum, istərsə də prezident seçkilərində bu özünü göstərib. Biz hazırda partiya təşkilatı olaraq gələn il noyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq seçici siyahılarını dəqiqləşdirməyə çalışırıq. Oktyabr ayına kimi bu tam olaraq müəyyənləşdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə