Prezident İlham Əliyev : “Azərbaycan və Avropa institutları arasında əlaqələr uğurla inkişaf edir\"

Prezident İlham Əliyev : “Azərbaycan və Avropa institutları arasında əlaqələr uğurla inkişaf edir\"
"Azərbaycan və Avropa institutları arasında əlaqələr uğurla inkişaf edir və bu əməkdaşlıq tərəfdaşlıq xarakteri daşıyır". SİA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyi Şurasının prezidenti Herman van Rompeylə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatında öz əksini tapıb. Prezident İlham Əliyev qeyd edib ki, Avropa Birliyi ilə münasibətlər iqtisadi əməkdaşlığı, enerji təhlükəsizliyi və digər sahələri əhatə edir. "Avropa Birliyinə üzv ölkələr ilə əlaqələrimiz çox güclüdür, bu əlaqələr həmçinin qarşılıqlı maraqlara söykənir", - deyən dövlət başçısı bütün bunların Bakıda aparılan danışıqların mövzusunu təşkil etdiyini vurğulayıb.

Azərbaycan prezidenti qeyd edib ki, ötən dövrdə ölkəmizdə insan hüquqlarının qorunması, demokratik azadlıqların təmin edilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bildirib ki, Ermənistan 20 ildir Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası da daxil olmaqla digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan bunların heç birinə məhəl qoymur.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrinin dövlət başçılarının status-kvo ilə bağlı bəyanatından razılıq ifadə edən prezident İlham Əliyev regionun əsas enerji layihələri barədə də danışıb. "Biz Xəzərin karbohidrogen ehtiyatlarının dünya və Avropa bazarlarına çatdırılması təşəbbüsünü irəli sürən ilk ölkəyik", - deyən Azərbaycan dövlətinin başçısı ölkəmizin bundan sonra da avropalı tərəfdaşların enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcəyini bildirib. Prezident İlham Əliyev yeni kəşf olunan yataqlar, TANAP layihəsinin əhəmiyyəti barədə danışarkən qeyd edib ki, Azərbaycanın qazı Avropa və dünya üçün yeni mənbədir və bu layihələr növbəti onillikləri, bəlkə də yüzillikləri əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə