Estoniya Parlamentinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Estoniya Parlamentinin sədri xanım Ene Erqma bu gün Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Zəmanəmizin görkəmli musiqiçisi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin xatirəsi də yad edilib, Fəxri xiyabandakı məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Estoniya parlamentinin sədri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə