Ramiz Mehdiyev: “Azərbaycan-Rusiya münasibətləri həm də öz səmimiliyi, açıqlığı ilə fərqlənir” - MÖVQE

Ramiz Mehdiyev: “Azərbaycan-Rusiya münasibətləri həm də öz səmimiliyi, açıqlığı ilə fərqlənir” - MÖVQE

"Ölkələrimiz arasında bu cür münasibətlərin qurulması bizim prezidentlərin – Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin siyasi iradəsi nəticəsində mümkün olub. SİA-nın xəbərinə görə, bunu "Azərbaycan-Rusiya" regionlararası dialoq" forumunda çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib: "Hər iki dövlət başçısı münasibətlərin strateji tərəfdaşlıq zəminində möhkəmlənməsində maraqlıdırlar və bu baxımdan bu forum bu işə, bu prosesə böyük töhfədir. Eyni zamanda, bu cür forumların keçirilməsi dövlətlər arasında dialoq mühitinin formalaşması və möhkəmlənməsi üçün zəmin yaradır. Regionlararası forum həm də iki ölkə arasında aktual məsələlərin perspektiv müzakirəsi üçün bir meydançadır. Bununla yanaşı, bu cür forumlar iki ölkə arasında əməkdaşlıq münasibətlərinin genişlənməsi və gələcək perspektivləri üçün yaxşı fürsətdir".


R.Mehdiyev bildirib ki, bu il hər iki ölkə üçün əlamətdar hadisələrlə zəngindir. Belə ki, bunlardan biri də Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin tamam olmasıdır: "Bu 20 il tarix baxımından heç də böyük vaxt kəsimi deyil, amma biz bu illərə böyük bir baqajla gəlmişik. Onu da qeyd edim ki, müstəqilliyimizin ilk illərində Azərbaycanla Rusiya arasında münasibətlər heç də birmənalı, asan deyildi. Yalnız 1993-cü ilin iyun ayında Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanla Rusiya arasında strateji münasibətlərin əsası qoyuldu və bununla da iki ölkə arasındakı münasibətlərdə yeni bir dövr başlanmış oldu. Son illərdə hər iki ölkə arasında yaxşı qonşuluq münasibətləri qurulub. Azərbaycan-Rusiya münasibətləri hal-hazırda stabildir və bu münasibətlər artan xətt üzrə inkişaf və davam edir. Çox əlamətdar haldır ki, Azərbaycan-Rusiya münasibətləri həm də öz səmimiliyi, açıqlığı ilə fərqlənir. Hər iki ölkə arasında yüksək səviyyədə siyasi təmaslar var".

PA-nın rəhbəri vurğulayıb ki, bu gün münasibətlərdə hansısa həyəcanverici problem kəsb edən məqamlar yoxdur: "Bu münasibətlərdə optimal, məqbul çözüm və həll yolları tapılıb".


R.Mehdiyev bildirib ki, iki dövlət arasında dövlət sərhədləri ilə bağlı yüksək səviyyəli saziş imzalanıb: "Həmçinin Samur çayı ilə bağlı iki dövlət arasında saziş mövcuddur. Bununla yanaşı, Xəzərin status ilə bağlı Rusiya-Azərbaycan-Astana arasında yaxınlaşma əldə edilib. Həmçinin, Xaçmaz rayonunda yaşayan rusdilli əhali ilə bağlı məsələdə müsbət nəticə özünü göstərməkdədir. Eyni zamanda, BMT, ATƏT, Avropa Şurası səviyyəsində ölkələrimiz arasında yaxınlaşma, əməkdaşlıq var. Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-dami üzvü seçilməsində roluna görə Rusiya Federasiyasına (RF) öz təşəkkürümüzü bildirmək istəyirik. Azərbaycanın belə bir nüfuzlu qurumda təmsil olunması , ona 155 dövlətin səs verməsi çox böyük tarixi hadisədir. Bu Azərbaycanın beynəlxalq aləmdə dünya miqyasında artan nüfuzunun göstəricisi, böyük nəticəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə