Dövlət Sərhəd Xidməti "Azadlıq" qəzetini məhkəməyə verəcək

"Azadlıq" qəzetinin 21 və 22 iyun 2012-ci il tarixli saylarında Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yeni inşa olunmuş yaşayış binasındakı mənzillərin yaşayış üçün yararlı olmayan vəziyyətdə sərhədçilərin istifadəsinə verilməsi barədə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar yayıb. Dövlət Sərhəd Xidməti məsələ ilə bağlı SİA-ya verdiyi məlumatda bildirir ki, "Eurovision-2012" mahnı müsabiqə başa çatdıqdan sonra qeyd olunan binadakı mənzillər yaşayış üçün tam yararlı vəziyyətdə sərhədçilərə təhvil verilib və mənzillərdə təmirlə bağlı hər hansı çatışmazlıq mövcud deyildir: "Ərazidə olan obyektlərin söküntüsü isə planlı surətdə həyata keçirilir və yaşayış binasının qarşısının abadlaşdırılması məqsədini daşıyır. Daxil olmuş informasiyanın həqiqətə uyğunluğunu dəqiqləşdirmədən, məsələyə Dövlət Sərhəd Xidmətinin münasibətini öyrənmədən, bu cür məlumatın yayılmasını qərəzli münasibət kimi qiymətləndiririk.

"Azadlıq" qəzetinin 21 və 22 iyun 2012-ci il tarixli nömrələrində dərc olunmuş məqalələrin Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gətirməsini nəzərə alaraq tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması nəzərdə tutulub.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsi məsələlərinə göstərilən xüsusi diqqət və qayğı sayəsində son illər ərzində Azərbaycan Sərhəd Mühafizəsinin dinamik inkişafı təmin olunub, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində ciddi nailiyyətlər əldə olunub.

Dövlət Sərhəd Xidmətinin zabit və gizir heyətinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində də mühüm işlər görülüb. Təkcə 2011-ci ildə hərbi hissələrdə 1288 mənzil inşa edilərək şəxsi heyətin istifadəsinə verilib. Cari ilin sonunadək isə daha 1000-dək mənzilin inşasının yekunlaşdırılması nəzərdə tutulub.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti onlara göstərilən yüksək dövləti qayğıdan qürur duyur və diqqətini Azərbaycan Respublikasının dövlət serhədlərinin etibarlı mühafizəsinə yönəldib".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...