Sosial xidmət sahəsində çalışanlar üçün təlim kursuna başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi, Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə nazirliyin və onun tabeliyində olan strukturların sosial xidmət sahəsində çalışan əməkdaşları üçün təlim kursuna başlanılıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, təlim kursu 2012-ci ildə \"Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı\"nın 4.4-cü bəndi çərçivəsində təşkil olunub. Təlimdə əsas məqsəd sosial xidmət işçilərinin müvafiq istiqamətlər üzrə bilik və bacarıqlarının artırılmasıdır.


Bir ay ərzində davam edəcək təlim kursu "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na uyğun olaraq, nazirliyin vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığının genişlənməsi istiqamətində növbəti addımdır.


Məlumat üçün bildirək ki, "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, dövlət sifarişləri əsasında qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Milli Qəhrəmanların Təbliğinə Dəstək" İB, "Müstəqil Həyat" İnkişaf və Dəstək Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, "Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi" İB, "Sosial Xidmətlər Təşəbbüsü" İB arasında müqavilələr bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə