Qabil Hüseynli: \"Rusiya Cənubi Qafqazı arxa bağça kimi istifadə etmək hüququnu kiməsə təslim etmək fikrində deyil\"-MÜSAHİBƏ

Son günlər cəbhə xəttində baş verən hadisələr böyük dövlətlərin regionda nümayiş etdirdiyi gücdür. Politoloq Qabil Hüseynli SƏS TV-ə verdiyi müsahibədə bildirib ki, hazırda Azərbaycan Ermənistan münaqişəsi böyük dövlətlərin bir-birilərinə olan siyasi diplomatik etirazı müstəvisinə çıxıb.


- Son dövrlər cəbhə bölgəsində vəziyyətin gərginləşməsi dövlətlərarası münaqişənin çıxmaza doğru getməsi ilə bağlıdır, yoxsa regionlarda böyük dövlətlərin güc nümayişidir?


- Böyük dövlətlərin güc mərkəzlərinin fitnə-fəsadlarına daha çox oxşayır. Çünki bölgədə bu cür təxribatlar, özü də Ermənistan silahlı qüvvələrinin hücumu ilə müşayiət olunan və Azərbaycan ərazisindəki qoşun qüvvələrini hədəfə götürən bu cür təxribat xarakterli hərəkətlər məhz Amerika dövlət departamentinin sədri Hillari Klintonun bölgəyə səfəri ərəfəsində baş verdi. Həmin ərəfədə dünya mətbuatında, xüsusən Amerika mətbuatında belə bir fikir yayılmışdı ki, ABŞ Dağlıq Qarabağ məsələsinə dair danışıqlardan çox narahatdır. Bu məqsədlə ABŞ indiyə qədər danışıqlar prosesini öz inhisarında saxlayan Rusiyanı bu məsələdən kənarlaşdırmaq təşəbbüsünü öz üzərinə almaq istəyir. Bunun üçün kifayət qədər əsaslar da var. Çünki Hillari Klinton Tiflisdə olarkən Rusiyanın əleyhinə, onun Cənubi Qafqazdakı siyasətini tənqid edən, təcavüzkar xarakterini ifşa edən fikirlər səsləndirdi. Azərbaycanda olarkən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni konseptual yanaşma, yeni fikirlərin zəruriliyini vurğuladı. Dedi ki, belə məsələlər Helsinki yekun aktının sənədlərinə uyğun gəlməlidir, eyni zamanda sırf konseptual xarakter daşımalıdır.Yəni beynəlxalq hüququn normalarına uyğun gəlməlidir. Həmçinin vurğuladı ki, Amerikanın belə bir konseptual planı var və onu xarici işlər nazirlərinin keçirilən görüşündə görüş iştirakçılarına təqdim edəcək. Bundan sonra Rusiya və İran daha da qəzəbləndi. Hətta Rusiya bu məsələdə açıq fikirlərlə çıxış etdi. Məsələn, Tiflisdə səsələnən fikirlərə nağıl kimi cavab verdi. Daha sonra İran tərəfindən şeytanın ölkəyə gətirilməsi ilə bağlı fikirlər peyda oldu. Amerikanın Cənubi Qafqazda təşəbbüsü yenidən ələ almaq cəhdləri Rusiya və İranın etirazına səbəb oldu. Hətta bu məqsədlə Sergey Lavrov Tehrana səfər etdi. Səfərin məqsədi təkcə bu ola bilməzdi, digər məsələlər də vardı. Hər halda onlar bu məsələni də müzakirə ediblər. İrəvanda ermənilərin hay-küy qoparması dünya ictimai rəyinə təsir etmək, öz bədnam əməllərini ört-basdır etmək məqsədli idi. Tovuzun Əlibəyli kəndinə də onlar hücum etmişdilər. Azərbaycan ordusuda özünü müdafiə etmək üçün cavab atəşi açmalı idi. Qazaxın Quşçu Ayrım kəndində isə onlar hücum edərək bütün postu məhv etdilər. Hər iki tərəfdən itkilər olsa da hər iki epiozodda hadisələr Azərbaycan ərazisində baş vermişdi. Bu faktlar isə onun göstəricisidir ki, əmr Rusiyadan gəlmişdi. Son zamanlar Rusiyanın hərəkətlərində əsəbilik və təlaş hiss edilməkdədir. Rusiyanın Ermənistandakı 102-ci bazasında, tank batalyonunda hər gün planlaşdırılmış şəkildə təlimlər keçiriblər. Belə bir məlumat da mövcuddur ki, Rusiyadan komandos dəstələri Ermənistan ərazisinə atılaraq onların qoşun dəstələri ilə birgə təlim keçiblər. Seyran Ohanyan Qazaxın sərhəd bölgəsinə gələrək onların qoşunların təliminə rəhbərlik edir.O, erməni mətbuatına bildirib ki, yaxın zamanlarda Ermənistanda hərbi vəziyyət elan oluna bilər. Göründüyü kimi, bütün bunların hamısı müvafiq təxribat xarakteri daşıyır və dünya ictimai rəyini çaşdırmağa yönəlib. Rusiyanın mövqeyindəki iştirakını təmin edəcək kollektiv təhlükəsizlik şurası deyilən, yalnız Rusiyada ibarət olan qondarma qrupun bu bölgədə iştirakına hüquqi baza yarada biləcək addımlar atmaq istəyirlər. Bu iki dövlət arasında olan razılaşmadır, heç bir hüquqi normalara sığmır. Rusiya bölgədə Cənubi Qafqazı arxa bağça kimi istifadə etmək hüququnu kiməsə təslim etmək fikrində deyil".


-Həmsədr ölkələr daha çox ümidlərini Paris danışıqlarına bağlayıblar. Dünən Paris danışıqları çox gərgin şəraitdə baş tutdu. Ümumiyyətlə, bu danışıqların nəticəsi olaraq müsbət rəy əldə etmək mümkündür, yoxsa bu da sadəcə xarici işlər nazirlərinin, diplomatlarınn dialoqlarından ibarət görüş olub?


- Bu görüşün müsbət cəhəti o idi ki, bu görüş baş tutdu. Amma danışıqlarda hansısa məsələlərin razılaşdırıldığını, hansısa nəticələrin əldə edildiyini söyləmək çox çətindir. Çünki görüşə gedən tərəflərin mövqeləri bir-birinə diametral şəkildə əks idi. Təcavüzkar tamamilə təcavüzkar mövqeyini müdafiyə edir, təcavüzə məruz qalmış beynəlxalq hüquq normalarına istinadən danışmağa çalışır. Ermənistan isə beynəlxalq hüquq normalarını heç ağılına da gətirmək istəmir. Hələ onlar həmsədrlərin köməyi ilə danışıqlar prosesində qondarma Dağlıq Qarabağın nümayəndəsinin də iştirakını təşkil etməyə çalışırdılar. Yəni üçüncü bir erməni tərəfini də ortaya atmaq istəyirdilər. Azərbaycan etiraz edərək bunun qarşısını aldı. Belə ki, ya hər iki tərəfdən Azərbaycan və Ermənistan icmalarının nümayədələri iştirak edəcək, ya da heç bir iştirak olmayacaq. Danışıqlar məsələsinə qalsa, Azərbaycan danışıqlar prosesini bu yöndən başlamaq istəyir. Bugünə kimi mərhələ-mərhələ detalların razılaşması yolu ilə gedirdi, indi isə Azərbaycan bildirir ki, sülh sazişini elan edək sonradan razılaşdırılmış detalların sülh sazişinin məğzinə yerləşdirək, razılaşmayan detallarla da bağlı müzakirələr aparaq. Yəni diqqət sırf razılaşdırılmayan məqama yönəldilsin və bununla da danışıqların faydalılıq əmsalı artmış olsun. Ermənistan tərəfi bununla razı deyil, bildirir ki, biz əvvəlcə qondarma respublikanın status məsələsini müzakirə edib onu dəqiqləşdirməliyik. Ən çətini budur ki, ABŞ-a, digər dövlətlərə inandırmaq lazımdır ki, nə qədər insan öz yurd yuvasından didərgin salınıb, mədəniyyət nümunələri məhv edilib. Amma Ermənistana heç bir ziyan dəyməyib. Məhz elə buna görə də tərəflərin mövqelərini qarşılaşdırmaq mümkün deyil.

Həmçinin ən azından bizim iqtisadi vəziyyətlə Ermənistan iqtisadiyyatı müqayisə etdirilə bilməz. Bunlara baxmayaraq bu məsələdə bizim özümüzdən də çox şey aslıdır."


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə